"Qara dənizdə təhlükəsizlik riskləri Azərbaycan vətəndaşları və şirkətləri üçün riskdir" - POLİTOLOQ

"Qara dənizdə təhlükəsizlik riskləri Azərbaycan vətəndaşları və şirkətləri üçün riskdir" - POLİTOLOQ

"Bu, artıq tək bir hadisə deyil, sistemli bir riskdir. Azərbaycan vətəndaşları üçün bu risklər nədən ibarətdir? Əlbəttə ki, Qara dəniz zonasında çalışan azərbaycanlı dənizçilər artıq hədəfə çevriliblər və bu, təkrarlanan hallardır".

Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, şübhə yoxdur ki, minlərlə Azərbaycan vətəndaşı bu dəniz sahəsində çalışır. Bu prosesdə onların ailələri üçün sığorta və kompensasiya məsələləri də gündəmə gəlir.

İkinci məsələ Azərbaycan şirkətləri üçün Dunay çayının Sulina qolu və Ukrayna xəttinin tranzit marşrutu olmasıdır. Bu, Azərbaycanın istifadə etdiyi nəqliyyat yollarından biridir. Buna görə də Azərbaycan tranzit ölkə kimi öz yüklərinin də zərər görməsi riski ilə üzləşir.

Düşünürəm ki, bu hadisələr NATO-ya da zərbədir və Qara dənizdə müharibənin genişlənməsi təhlükəsini artırır.

Azərbaycan tərəfi vətəndaşlarının hüquqlarının müdafiəsini tələb edir. Lakin elə bir vəziyyət yaranıb ki, müharibə şəraitində saxta bayraq altında üzən gəmilərə hücum edən və ya zərbələr endirən tərəflərin kimliyi müəyyənləşdirilmir.

Bəs Azərbaycan bu vəziyyətdə hansı diplomatik addımları atmalıdır?

Təbii ki, burada Azərbaycanın konsulluq fəaliyyəti mühüm rol oynayır. Faktlar tərəflərə, o cümlədən Rusiyaya və NATO tərəfinə təqdim edilir, beynəlxalq dəniz hüququ məsələsi gündəmə gətirilir. Həmçinin Türkiyə və Rumıniya ilə koordinasiya işləri aparılır. Bütün bunlar, açığı, rəsmi bəyanatlarla da müşayiət olunur".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə