“2027-ci ildə qeyri-neft-qaz sektorunun ÜDM-də payı 77 faizi ötəcək” - Vüqar Gülməmmədov

“2027-ci ildə qeyri-neft-qaz sektorunun ÜDM-də payı 77 faizi ötəcək” - Vüqar Gülməmmədov

2027-ci ildə qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda payının 77 faizdən çox olacağı proqnozlaşdırılır. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.

SİA xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, 2027-ci ilin dövlət büdcəsi layihəsi ötən dövrün iqtisadi reallıqları və qarşıdakı çağırışlar nəzərə alınmaqla hazırlanıb. Büdcənin əsas xüsusiyyətlərindən biri də gəlirlərin strukturunda qeyri-neft-qaz sektorunun payının artmasıdır.

Palata sədri qeyd edib ki, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 60,6 faizinin qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına formalaşacağı gözlənilir. Bu da indiyədək ən yüksək göstəricidir.

V.Gülməmmədov vurğulayıb ki, Azərbaycan Respublikasının makrofiskal çərçivəsi dövlət borcunun ümumi daxili məhsula nisbətinin kritik hədlərdən xeyli aşağı səviyyədə saxlanılması və suveren fond aktivlərinin likvidlik imkanları hesabına yüksək borc dayanıqlılığı nümayiş etdirir.

Onun sözlərinə görə, ölkə xarici makroiqtisadi şoklara qarşı maliyyə imkanlarına malik olsa da, uzunmüddətli dayanıqlılıq üçün milli fiskal qaydaların və qeyri-resurs gəlir bazasının institusional cəhətdən gücləndirilməsi vacibdir.

Palata sədri əlavə edib ki, aparılan təhlillərin nəticələrinə əsasən, 2027-ci ilin dövlət büdcəsi layihəsi qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanıb və ölkənin strateji hədəflərinin maliyyə təminatına xidmət edəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə