Azərbaycanın dövlət borcunun idarə olunmasına dair orta və uzunmüddətli strategiyasının yenilənməsinə, 2027–2030-cu illəri əhatə edəcək yeni sənədin hazırlanmasına ehtiyac var.
SİA xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydalarına əsasən, indiyədək 30-dan çox dövlət proqramı və digər strateji sənəd qəbul edilib. Bu proqramların maliyyə mənbələrini dövlət büdcəsi və büdcədənkənar dövlət fondları təşkil edir.
Palata sədri qeyd edib ki, dövlət büdcəsi hesabına maliyyələşdirilən məqsədli proqramların xərcləri büdcə sənədlərində ayrıca göstərilməli, proqramların nəticələrini qiymətləndirməyə imkan verən qeyri-maliyyə göstəriciləri də sənədlərə daxil edilməlidir.
V.Gülməmmədov vurğulayıb ki, dövlət borcunun idarə olunmasına dair əvvəlki strategiya 2022–2025-ci illəri əhatə edib və 2030-cu ilin sonunadək olan dövr üçün uzunmüddətli hədəfləri müəyyənləşdirib. Lakin yeni büdcə layihəsində 2027-ci il üçün dövlət zəmanətlərinin limitinin 6 milyard manat nəzərdə tutulması strategiyanın yenilənməsini zəruri edir.
Onun sözlərinə görə, yeni strategiya 2027–2030-cu illəri əhatə etməli və dövlət borcunun idarə olunması, eləcə də büdcə xərcləri üzrə müəyyənləşdirilən fiskal hədəflərlə uzlaşdırılmalıdır.
Palata sədri əlavə edib ki, dövlət büdcəsi yalnız maliyyə resurslarının formalaşdırılması və bölüşdürülməsi vasitəsi deyil, həm də strateji hədəflərin reallaşdırılması üçün mühüm alətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB