“Azərbaycanda məşğul əhalinin 35 faizdən çoxu aqrar sektorda çalışır“ - ZAUR ƏLİYEV

“Azərbaycanda məşğul əhalinin 35 faizdən çoxu aqrar sektorda çalışır“ - ZAUR ƏLİYEV

Kənd təsərrüfatı ölkənin iqtisadi inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və regionlarda məşğulluğun artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Aqrar sektor əhalinin gəlirlərinin yüksəlməsinə, ailə büdcələrinin artmasına və kənd yerlərində iqtisadi fəallığın genişlənməsinə töhfə verir.

SİA xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Milli Məşğulluq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, ölkə üzrə məşğul əhalinin 35 faizdən çoxu aqrar sektorun payına düşür. Regionlarda iqtisadi fəaliyyətin və dəyər yaradılmasının əhəmiyyətli hissəsi də bu sahə ilə bağlıdır.

Nazir müavini qeyd edib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına əsasən, dünya üzrə məşğul əhalinin təxminən dörddə biri kənd təsərrüfatı sektorunda çalışır.

Onun sözlərinə görə, aqrar sektorun inkişafı uzun illərdir dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən yeni mərhələyə yüksəldilib.

Z.Əliyev vurğulayıb ki, 2026–2030-cu illər üzrə Kənd Təsərrüfatı, Balıqçılıq və Akvakultura məhsulları istehsalı və emalının inkişafına dair Dövlət Proqramı aqrar sektorun, ərzaq təhlükəsizliyinin və kənd yerlərinin inkişafı ilə bağlı strateji hədəfləri müəyyən edir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə