“Aqrar sektorda innovasiyalar kənd yerlərində dayanıqlı məşğulluğu gücləndirəcək“ - ZAUR ƏLİYEV

“Aqrar sektorda innovasiyalar kənd yerlərində dayanıqlı məşğulluğu gücləndirəcək“ - ZAUR ƏLİYEV

Kənd təsərrüfatında innovasiyaların və müasir texnologiyaların tətbiqi kənd yerlərində dayanıqlı məşğulluğun təmin olunması və əhalinin maddi rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

SİA xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Milli Məşğulluq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, qabaqcıl texnologiyaların tətbiqi aqrar sektorda mütəxəssislərin bilik və bacarıqlarına olan tələbləri dəyişdirir. Bu proses uzun illər kənd təsərrüfatında çalışan mütəxəssislərin yeni biliklərə yiyələnməsini və peşə bacarıqlarını yeniləməsini zəruri edir.

Nazir müavini qeyd edib ki, süni intellekt əsaslı həllər fermerlərə iqlim təsirlərini qiymətləndirmək, əmək proseslərini avtomatlaşdırmaq, resurslardan daha səmərəli istifadə etmək və istehsalın məhsuldarlığını artırmaq imkanı yaradır.

Onun sözlərinə görə, aqrar sektorda innovasiyaların tətbiqi yalnız istehsal göstəricilərinin yüksəldilməsinə deyil, həm də kənd yerlərində yeni məşğulluq imkanlarının formalaşmasına xidmət edir.

Z.Əliyev vurğulayıb ki, kənd təsərrüfatının və kənd yerlərinin inkişafı bir-biri ilə sıx bağlıdır. Aqrar sahədə dayanıqlı məşğulluğun təmin edilməsi regionların sosial-iqtisadi inkişafına, əhalinin gəlirlərinin artmasına və kənd yerlərində iqtisadi fəallığın güclənməsinə mühüm töhfə verəcək.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə