“Süni intellekt əmək bazarında yeni ixtisaslara tələbat yaradacaq“ - CAVİD QURBANOV

“Süni intellekt əmək bazarında yeni ixtisaslara tələbat yaradacaq“ - CAVİD QURBANOV

Süni intellekt bəzi təkrarlanan işlərin avtomatlaşdırılmasına, mövcud peşələrin məzmununun dəyişməsinə və yeni ixtisaslara tələbatın yaranmasına səbəb olacaq. Bu prosesdə əsas məsələ insanları texnologiya ilə rəqabətə deyil, onunla birgə daha məhsuldar işləməyə hazırlamaqdır.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Milli Məşğulluq Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda süni intellekt və yüksək hesablama infrastrukturlarının inkişafı, beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq, innovasiya və startap ekosisteminin genişləndirilməsi istiqamətində mühüm təşəbbüslər həyata keçirilir.

Nazir müavininin sözlərinə görə, bu layihələr gələcəkdə süni intellekt mühəndisləri, məlumat analitikləri və digər yüksək ixtisaslı mütəxəssislər üçün yeni imkanlar yaradacaq.

C.Qurbanov qeyd edib ki, rəqəmsal bacarıqların inkişafı yalnız informasiya texnologiyaları mütəxəssisləri ilə məhdudlaşmamalıdır. Dövlət sektorunda çalışan əməkdaşların da süni intellekt və kibertəhlükəsizlik sahəsində biliklərinin artırılması vacibdir.

O, həmçinin forum çərçivəsində təşkil olunacaq istedadlar sərgisinin əhəmiyyətinə toxunaraq bildirib ki, gənclərin öz bilik və bacarıqlarını birbaşa işəgötürənlərə təqdim etməsi təhsillə məşğulluq arasında daha güclü əlaqə yaradacaq.

Nazir müavini vurğulayıb ki, gələcəyin əmək bazarına hazırlıq yalnız yeni peşələrin öyrədilməsi deyil, insanların dəyişən dünyaya uyğunlaşmasına şərait yaradılmasıdır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə