"Orta Dəhliz Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrini genişləndirir" - POLİTOLOQ DANIŞDI
"Prezident İlham Əliyevin Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində “Rəqabətqabiliyyətli Avropanın qurulması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirakı Azərbaycanın Avropa ilə münasibətləri baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Tədbirin mövzusu da təsadüfi seçilməyib. Hazırda Avropa enerji təhlükəsizliyi, təchizat mənbələrinin şaxələndirilməsi, nəqliyyat marşrutlarının dayanıqlılığı və texnoloji rəqabət qabiliyyətinin artırılması kimi məsələlərlə üz-üzədir. Azərbaycan isə bu istiqamətlərin hər birində Avropa üçün əhəmiyyətli tərəfdaşlardan biridir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə,
Dəyirmi masada Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr xüsusi yer tutub. Dövlət başçısının açıqlamasına əsasən, 2022-ci ildə Avropa İttifaqı ilə enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlıq Memorandumundan sonra Azərbaycanın Avropa İttifaqına qaz ixracı illik 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Bu göstərici Azərbaycanın Avropa enerji bazarında mövqeyinin möhkəmləndiyini nümayiş etdirir. Eyni zamanda, yeni yataqların kəşfi və hasilat imkanlarının genişləndirilməsi gələcəkdə ixracın artırılması üçün əlavə perspektivlər yaradır:
"Burada vacib məqam ondan ibarətdir ki, Azərbaycan Avropaya həm enerji resursları təqdim edir, həm də təchizatın şaxələndirilməsi siyasətinin həyata keçirilməsində iştirak edir. Cənub Qaz Dəhlizi vasitəsilə yeddi ölkədən keçərək İtaliyaya uzanan infrastrukturun fəaliyyəti və Bolqarıstandakı bağlantılar vasitəsilə on Avropa İttifaqı üzv dövlətinin qazla təmin olunması Azərbaycanın strateji əhəmiyyətini artırır.
Nəqliyyat və bağlantılar məsələsi də Azərbaycanın Avropa ilə əməkdaşlığında xüsusi yer tutur. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Avropa ilə Asiya arasında alternativ, təhlükəsiz və etibarlı nəqliyyat marşrutlarına tələbat artır. Bu baxımdan Orta Dəhliz Azərbaycanın geoiqtisadi əhəmiyyətini yüksəldən əsas layihələrdən biridir. Azərbaycanın Xəzər dənizindəki liman infrastrukturu, dəmir yolları və regional nəqliyyat şəbəkələri Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edir.
Digər tərəfdən, Azərbaycanın Böyük Britaniya ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəltməsi və Avropa ölkələri ilə enerji, investisiya və texnologiya sahələrində əlaqələrini genişləndirməsi vahid xarici siyasət strategiyasının tərkib hissəsidir. Bu, ölkəmizin Avropa ilə münasibətlərini yalnız enerji ixracı çərçivəsində deyil, daha geniş siyasi və iqtisadi əməkdaşlıq müstəvisində inkişaf etdirmək niyyətini göstərir.
Hesab edirəm ki, Prezident İlham Əliyevin bu platformada iştirakı Azərbaycanın regional məsələlər üzrə mövqeyini Avropa liderlərinə çatdırmaq baxımından da əhəmiyyətlidir. Xüsusilə Cənubi Qafqazda sülhün təmin olunması, kommunikasiyaların açılması və TRIPP layihəsinin reallaşdırılması Avropanın da iqtisadi və təhlükəsizlik maraqlarına uyğundur.
Ümumilikdə isə, Avropa Siyasi Birliyinin Zirvə Toplantısı Azərbaycanın beynəlxalq tərəfdaşlıqlarını genişləndirmək və dəyişən geosiyasi şəraitdə öz strateji əhəmiyyətini möhkəmləndirmək üçün əlavə diplomatik imkan yaradır. Azərbaycan artıq Avropanın enerji təminatında mühüm tərəfdaş olmaqla yanaşı, qitənin Asiya ilə nəqliyyat bağlantılarının, regional təhlükəsizliyin və iqtisadi dayanıqlılığın təmin olunmasında da vacib aktor kimi çıxış edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB