BMT: Yəməndə məcburi köçkünlərin sayı 340 mini ötüb

BMT: Yəməndə məcburi köçkünlərin sayı 340 mini ötüb

Yəməndə davam edən qarşıdurmalar və təhlükəsizliyin pisləşməsi səbəbilə 340 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) mövzu ilə bağlı açıqlamasında öz əksini tapıb.

Məlumata görə, həyati əhəmiyyət daşıyan yollara qoyulan məhdudiyyətlər humanitar yardımların çatdırılmasını çətinləşdirir.

IOM-un Yəməndəki missiyasının rəhbəri Abdusattor Esoev bildirib ki, yüz minlərlə insan bütün əmlakını geridə qoyaraq başqa ərazilərə köçməli olub.

Onun sözlərinə görə, humanitar ehtiyaclar artmaqda davam edir və ailələrə yardım göstərilməsi üçün təcili əlavə dəstəyə ehtiyac var.

Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ilin sentyabrında İranın dəstəklədiyi husilərin paytaxt Sənanı və bir sıra vilayətləri nəzarətə götürməsindən sonra başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinə dəstək verir. Son dövrlərdə hökumət qüvvələri ilə husilər arasında toqquşmalar yenidən intensivləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə