“Məktəbin dəyəri şagird sayı ilə deyil, təhsil missiyası ilə ölçülməlidir” - TƏHSİL EKSPERTİ
"Dövlət məktəblərinin şagird sayına uyğun maliyyələşdirilməsi təhsil sistemində resursların daha səmərəli və ehtiyaclara uyğun bölüşdürülməsi baxımından müəyyən üstünlüklər yarada bilər".
Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Əlmusa Atamaliyev deyib.

Onun sözlərinə görə, bu modelin əsas mahiyyəti ondan ibarətdir ki, məktəblərə ayrılan maliyyə vəsaiti müəyyən dərəcədə orada təhsil alan şagirdlərin sayına əsaslanır. Yəni şagird sayı çox olan məktəblə şagird sayı az olan məktəbin maliyyə təminatının eyni prinsiplə müəyyənləşdirilməsi əvəzinə, vəsaitin şagird kontingentinə uyğun hesablanması nəzərdə tutulur:
"Bu yanaşmanın müsbət tərəflərindən biri məktəblərdə maliyyə vəsaitlərinin istifadəsinə daha çevik nəzarət imkanlarının yaranmasıdır. Belə olduqda məktəb rəhbərliyi şagird sayını, tədris ehtiyaclarını və mövcud resursları nəzərə alaraq maliyyə planlaşdırmasını daha məqsədyönlü həyata keçirə bilər. Eyni zamanda, məktəblər arasında sağlam rəqabət mühiti formalaşa, rəhbərliklər təhsilin keyfiyyətinin yüksəldilməsində və daha çox şagird cəlb edilməsində maraqlı ola bilərlər.
Digər tərəfdən, bu model məktəblərin real ehtiyaclarının müəyyənləşdirilməsinə və dövlət vəsaitlərinin daha şəffaf bölüşdürülməsinə də töhfə verə bilər. Xüsusilə şagird sayı çox olan, sinif otaqlarına, müəllim heyətinə və tədris resurslarına daha çox ehtiyac duyan məktəblərin maliyyələşdirilməsində bu mexanizm müəyyən üstünlüklər yarada bilər.
Lakin modelin tətbiqi ilə bağlı risklər də ciddi şəkildə qiymətləndirilməlidir. Əsas narahatlıq ondan ibarətdir ki, maliyyələşmə yalnız şagird sayına bağlanarsa, azkomplektli məktəblər müəyyən çətinliklərlə üzləşə bilərlər. Xüsusilə ucqar kəndlərdə yerləşən məktəblərdə şagird sayı az olsa da, həmin məktəblərin saxlanılması, kommunal xidmətlər, müəllimlərin əməkhaqqı, binanın təmiri və digər zəruri xərclər mövcuddur.
Məsələn, bir kənd məktəbində 50, şəhər məktəbində isə 1000 şagird təhsil alırsa, şəhər məktəbinin daha çox maliyyə alması təbii görünə bilər. Ancaq bu, kənd məktəbinin real xərclərinin də eyni nisbətdə az olması demək deyil.
Bu baxımdan, xüsusilə ucqar ərazilərdə yerləşən məktəblərin vəziyyətinə diqqət yetirilməlidir. Bəzi kəndlərdə əhalinin sayı azdır, məktəbə gedən uşaqların sayı isə demoqrafik səbəblərdən ildən-ilə dəyişir. Belə məktəblərin maliyyələşdirilməsinin sırf şagird sayına əsaslanması onların fəaliyyətinin davamlılığına mənfi təsir göstərə bilər. Əgər məktəbə ayrılan vəsait zəruri xərcləri qarşılamağa kifayət etməzsə, bu, müəllim təminatında, tədris şəraitində və təhsil xidmətlərinin keyfiyyətində problemlər yarada bilər.
Digər mühüm məqam məktəblər arasında rəqabətin güclənməsinin müsbət nəticələrlə yanaşı, arzuolunmaz hallara da səbəb ola bilməsidir. Məsələn, bəzi məktəblər daha çox şagird cəlb etmək məqsədilə fəaliyyət göstərə, təhsilin keyfiyyətindən daha çox kəmiyyət göstəricilərinə üstünlük verə bilərlər. Halbuki təhsildə əsas məqsəd məktəbin nə qədər şagird qəbul etməsi deyil, həmin şagirdlərə hansı səviyyədə təhsil verməsidir. Şagird sayı az olan məktəbin avtomatik olaraq səmərəsiz, şagird sayı çox olan məktəbin isə keyfiyyətli hesab edilməsi düzgün yanaşma olmaz.
Hesab edirəm ki, bu modelin tətbiqində ən vacib məsələlərdən biri fərqli məktəblərin fərqli şəraitinin nəzərə alınmasıdır. Paytaxtda yerləşən böyük məktəblə dağ kəndində və ya ucqar yaşayış məntəqəsində fəaliyyət göstərən məktəbin maliyyə ehtiyaclarını eyni meyarlarla qiymətləndirmək olmaz. Buna görə də adambaşına maliyyələşmə ilə yanaşı, məktəbin yerləşdiyi ərazi, şagird kontingenti, infrastruktur vəziyyəti, müəllim təminatı, nəqliyyat imkanları və digər obyektiv amilləri nəzərə alan əlavə maliyyələşmə mexanizmləri tətbiq edilməlidir.
Xüsusilə azsaylı şagird kontingenti olan kənd məktəbləri üçün xüsusi qoruyucu maliyyə mexanizminin yaradılmasını vacib hesab edirəm. Belə məktəblərin maliyyələşdirilməsi yalnız şagird sayına uyğun vəsait ayrılması ilə məhdudlaşmamalıdır. Onların fəaliyyətini davam etdirməsi üçün müəyyən minimum maliyyə təminatı və əlavə ərazi əmsalları nəzərdə tutulmalıdır. Əks halda, iqtisadi baxımdan səmərəliliyə nail olmaq məqsədilə atılan addımlar bəzi yaşayış məntəqələrində təhsilə əlçatanlığı çətinləşdirə bilər.
Digər tərəfdən, məktəblərin maliyyə müstəqilliyinin artırılması ilə yanaşı, ayrılan vəsaitlərin xərclənməsinə nəzarət də gücləndirilməlidir. İctimaiyyət hər bir məktəbə nə qədər vəsait ayrıldığını, həmin vəsaitin hansı istiqamətlərə xərcləndiyini və bunun təhsilin keyfiyyətinə necə təsir etdiyini görə bilməlidir. Maliyyə şəffaflığı təmin edilmədən bu modelin real səmərəliliyini qiymətləndirmək çətin olacaq.
Nəticə etibarilə, hesab edirəm ki, adambaşına maliyyələşmə təhsil sistemində resursların daha səmərəli idarə olunması üçün imkan yarada bilər. Lakin təhsili yalnız iqtisadi göstəricilərlə ölçmək olmaz. Bizim üçün əsas məsələ Bakıda və ya ucqar kənddə yaşamasından asılı olmayaraq, hər bir uşağın keyfiyyətli təhsil almaq imkanını qorumaqdır. Məktəbin dəyəri onun şagird sayından deyil, cəmiyyət üçün daşıdığı təhsil missiyasından müəyyənləşməlidir.
Unutmamalıyıq ki, bəzən ucqar kənddə fəaliyyət göstərən kiçik məktəbin bağlanması həmin yaşayış məntəqəsində yaşayan uşaqların təhsilə çıxış imkanlarının ciddi şəkildə məhdudlaşması deməkdir. Buna görə də maliyyə islahatları aparılarkən iqtisadi səmərəliliklə yanaşı, sosial ədalət və bərabər təhsil imkanları da əsas prinsip kimi qorunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB