“2027-ci ilin büdcəsində elm və təhsilin inkişafına xüsusi diqqət ayrılıb” - MUSA QASIMLI
Təhsil xərclərinə 5 milyard 99 milyon manat, elm sahəsinə isə 257 milyon 920 min 835 manat vəsait ayrılması nəzərdə tutulub.
SİA xəbər verir ki, bu sözləri Millət Vəkili Musa Qasımlı Milli Məclisin komitə iclasında deyib.
Deputat bildirib ki, təhsilə xüsusi əhəmiyyət verən dövlət siyasəti 2027-ci ilin dövlət büdcəsi layihəsində də öz əksini tapıb.
Onun sözlərinə görə, təhsil sahəsinə ayrılacaq vəsait ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə, ali təhsilin inkişafına, elmi tədqiqatlarla inteqrasiyaya, peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına və rəqəmsal təhsilin tətbiqinə yönəldiləcək.
Musa Qasımlı elm sahəsinə ayrılması nəzərdə tutulan vəsaitin ölkənin elmi potensialının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, 257 milyon 920 min 835 manat elmi tədqiqatların və innovasiyaların dəstəklənməsinə, rəqəmsal inkişafın sürətləndirilməsinə, süni intellekt və innovativ texnologiyaların tətbiqinə sərf olunacaq.
Deputat kənd təsərrüfatına ayrılması nəzərdə tutulan 1 milyard 379 milyon 487 min manat vəsaitə də toxunub. Qeyd edib ki, bu vəsait əsasən ərzaq təhlükəsizliyinin təmin edilməsinə, aqrar istehsalın və fermer təsərrüfatlarının inkişafına, məhsuldarlığın artırılmasına, dövlət dəstəyinin davam etdirilməsinə və meliorasiya tədbirlərinə yönəldiləcək.
Musa Qasımlı ailə, qadın və uşaq məsələlərinin də büdcə layihəsində diqqətdə saxlanıldığını bildirib. Onun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə 4 milyon 700 min manat vəsait ayrılması nəzərdə tutulub.
Deputat bildirib ki, həmin vəsait məişət zorakılığına məruz qalmış şəxslərə dəstək göstərilməsinə, insan alveri qurbanlarına yardım edilməsinə, erkən nikah hallarının qarşısının alınmasına, sağlamlıq imkanları məhdud uşaqlarla sosial və psixoloji işin təşkilinə sərf olunacaq.
O vurğulayıb ki, bu istiqamətlərə ayrılan vəsait ölkənin sosial-iqtisadi inkişafına, insan kapitalının gücləndirilməsinə və əhalinin rifahının yüksəldilməsinə xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB