"Dəmlənmiş çayı uzun müddət saxlamaq və istehlak etmək sağlamlıq üçün risklidir" - QİDA EKSPERTİ

"Dəmlənmiş çayı uzun müddət saxlamaq və istehlak etmək sağlamlıq üçün risklidir" - QİDA EKSPERTİ

"Mövzumuz həqiqətən aktualdır. Müasir dövrdə artıq tədbirlərdə, hətta evdə də çay dəmləməkdən çox paket çay istifadəsinə daha çox yer verilir. Paket çaylar ilə iri yarpaqlı çaylar arasındakı əsas fərq xammalın keyfiyyəti, emal forması və istifadə olunan qablaşdırmadadır".

Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.

Ekspert bildirib ki, paket çayların daxilində çox vaxt çay yarpaqlarının doğranması və ələnməsi zamanı geridə qalan narın tozcuklar olur. Bu kiçik zərrəciklər suya tez rəng, tünd dad verir:

"Tərkibindəki efir yağları sürətlə buxarlandığı üçün çayın zəngin ətri, antioksidant zənginliyi iri yarpaqlı çaylara nisbətən daha az olur. İri yarpaqlı çaylarda isə antioksidantlar, katexinlər, aromatik yağlar öz təbii quruluşunu saxlayır. Digər tərəfdən bəzi paket çayların hazırlanmasında istifadə edilən sintetik, neylon torcuqlar yüksək temperaturda suya mikroplastik infuziyasına sabəb ola bilir.

Sağlamlıq və təbii tərkib baxımından keyfiyyətli yarpaq çaylarına üstünlük vermək daha faydalıdır. Çayın təkrar-təkrar dəmlənməsi, ya da eyni yarpaqlardan yenidən istifadə edilməsi qida təhlükəsizliyi, mikrobioloji baxımdan ciddi risklər yaradır. Çay yarpaqları rütubətli və isti mühitdə qaldıqda bakteriya, kif və mikroorqanizmlərin sürətlə çoğalması üçün əlverişli zəmin formalaşır. Otaq temperaturunda, 5-60 dərəcə temperatur arasında qalan dəmlənmiş çayda mikrobioloji çirklənmə ehtimalı artır. Həmçinin dəfələrlə təkrar dəmlənən qara çayda faydalı birləşmələr artıq birinci infuziyada suya keçdiyi üçün sonrakı dəmləmələrdə yalnız acı taninlər və arzuolunmaz ağır maddələr ayrılır. Bu səbəbdən qara çayı hər dəfə təzə dəmləmək, dəmlənmiş çayı 1-2 saatdan artıq saxlamamaq və bir dəfə istifadə olunmuş yarpaqları yenidən dəmləməmək sağlamlıq üçün vacibdir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə