"Regiondakı gərginlik fonunda Azərbaycanın əsas prioriteti təhlükəsizliyini qorumaqdır" - POLİTOLOQ

"Regiondakı gərginlik fonunda Azərbaycanın əsas prioriteti təhlükəsizliyini qorumaqdır" - POLİTOLOQ

"Azərbaycan bu məsələdə ehtiyatlı olmalı, balanslı siyasət aparmalı, paralel olaraq Türkiyə ilə müttəfiqliyini qoruyub saxlamalı və inkişaf etdirməlidir ki, regionda baş verən hadisələrin gərginliyi fonunda öz təhlükəsizliyini və suverenliyini qoruya bilsin. Azərbaycanın bu məsələdə kifayət qədər təcrübəsi var və necə davranacağını yaxşı bilir".

Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Politoloqun sözlərinə görə, müxtəlif təxribatlar ola bilər. Azərbaycanı sevməyən və ondan istifadə etməyə çalışan qüvvələr mövcuddur. Bunu əvvəlki ABŞ-İran qarşıdurmasında da gördük. Ərazimizə raketlər atıldı:

"İki raketin kim tərəfindən atıldığı məlum olmadı. Yenə də oxşar hadisələr baş verə, Azərbaycanı bu müharibəyə və qarşıdurmaya cəlb etməyə çalışa bilərlər. Məsələn, İsrailin də belə bir istəyi ola bilər. Biz isə qətiyyən bu cür addımlara getməməli, soyuqqanlılığımızı və təmkinimizi qorumalıyıq. Azərbaycan ən azı hazırkı mövqeyini qoruyub saxlamaq üçün bu məsələlərdə Türkiyə ilə birlikdə hərəkət etməlidir. Çünki müxtəlif təhlükələr yarana bilər və bu təhlükələr əvvəlcədən proqnozlaşdırılmaya bilər.

Düzdür, mən ABŞ ilə İran arasında genişmiqyaslı müharibə, yəni quru əməliyyatları gözləmirəm. Amma Trampdır, bilmək olmaz. Netanyahu ilə bağlı da eyni fikri söyləmək mümkündür. Onlar qeyri-adekvat addımlar ata bilərlər.

İrana gəldikdə isə, Trampın prezidentlik müddətinin sonuna yaxınlaşdığını nəzərə alsaq, o, özünü yaddaşlarda saxlamaq üçün regionda gərginliyi artıran, böyük qarışıqlıq yaradan hansısa addım ata bilər. Məsələn, İranın yeraltında yerləşən və nüvə fəaliyyəti ilə əlaqəli olduğu iddia edilən obyektlərinə zərbə endirə bilər. İranın nüvə silahı hazırladığı iddia olunur. Ola bilsin ki, bu iddialar doğrudur, ola bilsin ki, deyil. Tramp həmin obyektləri məhv etmək üçün, məsələn, xüsusi bombalardan istifadə edə bilər. Artıq bu barədə müzakirələr də aparılır. Belə bir addım atılarsa, region üçün böyük fəlakət yaşana bilər. Bu halda İranla qonşu olan bütün ölkələr də zərbə təhlükəsi ilə üzləşə bilər.

Buna görə də Azərbaycanın təhlükəsizliyinin qorunması həm balanslı siyasət yürütməkdən, həm də Türkiyə ilə bir yerdə olmaqdan keçir. Sabah hər hansı hadisə baş verərsə, Azərbaycan Şuşa Bəyannaməsinə uyğun olaraq müdafiə xəttini maksimum gücləndirə bilməlidir. Bunun üçün müttəfiqləri ilə əməkdaşlığı davam etdirmək və əlaqələri möhkəmləndirmək vacibdir. Ümid edirəm ki, vəziyyət həmin həddə çatmaz, amma hər bir ssenariyə hazır olmalıyıq.

Ona görə də Türkiyə ilə münasibətlər çox vacib və əhəmiyyətlidir. Bu məsələlərdə Şuşa Bəyannaməsinin müddəalarına əsaslanmalı, müttəfiqlik münasibətlərimizi daha da möhkəmləndirməliyik. Bir sözlə, bütün bunlardan möhkəm yapışmalıyıq ki, sabah kiçik Azərbaycan bu böyük dövlətlərin mübarizəsində ayaq altında qalmasın".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə