Gördüyümüz yuxu niyə yadımızda qalmır? - PSİXOLOQ AÇIQLADI

Gördüyümüz yuxu niyə yadımızda qalmır? - PSİXOLOQ AÇIQLADI

Bir çox insan maraqlı və ya qeyri-adi bir yuxudan oyandıqdan qısa müddət sonra onun detallarını xatırlaya bilmir. Bəzən isə yuxunun yalnız müəyyən hissələri yadda qalır qalan məqamlar isə silinib yox olur. Bəs bunun səbəbi nədir?

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, yuxu ümumiyyətlə insanın gün ərzində yaşadığı həyəcan, təşviş, sevinc, xoşbəxtlik hisslərinin və gördüklərinin yatarkən gözünün önünə gəlməsidir:

"Bəzən yuxu haqqında danışarkən psixoloji olaraq belə bir rəy bildirilir ki, insan yatarkən şüur ilə şüuraltı arasındakı pərdə, yəni senzura aradan qalxır. İnsan şüursuz şəkildə də bəzi şeyləri görə bilir, bəzən isə gün ərzində gördüyü hadisələri yuxuda xatırlamağa başlayır.

Düşünürəm ki, bu, çox araşdırılmalı olan bir məsələdir. Çünki çox vaxt insan yuxudan nəsə gözləyir, onu hansısa hadisə ilə əlaqələndirir və bəzən düşünür ki, yuxuda gördükləri həqiqətən də gerçəkləşəcək. Bu zaman narahat olmağa başlayır. Amma əlbəttə ki, yuxu niyə yadda qalmır? Çünki yuxuda biz tamamilə rahat vəziyyətdə oluruq, heç nəyə nəzarət etmirik. Nəzarəti buraxdığımıza görə bəzi şeylər yaddaşımızda qalır, uzunmüddətli yaddaşa keçir, bəziləri isə ümumiyyətlə yadımızda qalmır.

Əgər gördüyümüz yuxu bizi çox narahat edirsə, yuxudan oyanırıq, bəzi şeyləri xatırlayırıq və narahat olmağa başlayırıq. Düşünürəm ki, yuxu prosesi çox vacib bir prosesdir. Yəni insanın gün ərzində neçə saat yatması da çox önəmlidir və bu, gördüyü yuxulara da ciddi təsir edir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə