El qınağı bizi qoruyur, yoxsa azadlığımızı əlimizdən alır ? - KÖŞƏ

El qınağı bizi qoruyur, yoxsa azadlığımızı əlimizdən alır ? - KÖŞƏ

Keçmişdə buna el qınağı deyirdilər, bu gün isə ictimai qınaq adlandırırıq. Adı dəyişsə də, mahiyyəti çox vaxt eyni qalır. İnsan bir addım atmaq istəyir, amma əvvəlcə ətrafına baxır: “Görəsən, camaat nə deyər?” Bəzən bircə bu sual insanın bütün arzularını susdurmağa, ürəyindəki istəkləri yarımçıq qoymağa kifayət edir. Elə bil, həyatımızı özümüz deyil, bizi izləyən, mühakimə edən görünməz bir kütlə idarə edir.

Əslində, ictimai qınağın yaxşı tərəfləri də var. Cəmiyyətin münasibəti insanı bəzən yanlış addımlardan çəkindirir, məsuliyyətli olmağa, başqalarının hüquqlarına hörmət etməyə sövq edir. İnsan hər istədiyini, hər düşündüyünü heç bir sərhəd tanımadan etməməlidir. Çünki azadlıq yalnız öz istəklərini həyata keçirmək deyil, başqasının həyatına, haqqına və ləyaqətinə də hörmət göstərməkdir. Bu mənada sağlam ictimai münasibət cəmiyyətin mənəvi dayaqlarından biridir.

Amma qınaq sağlam sərhədləri aşanda artıq tərbiyə vasitəsi olmaqdan çıxır, insanın həyatına müdaxiləyə çevrilir. Bir qadın boşanır – qınanır. Bir insan yaşından asılı olmayaraq yenidən sevmək istəyir – qınanır. Kimsə fərqli geyinir, fərqli düşünür, özünə başqa həyat yolu seçir – yenə qınanır. Ən ağrılısı isə budur ki, bəzən insanın nə yaşadığını, hansı çətinliklərdən keçdiyini bilmədən onun haqqında hökm veririk. Bir cümlə ilə kiminsə illərlə qurduğu cəsarəti, özünə inamı, hətta yaşamaq həvəsini sındıra bilirik.

Bəs niyə başqalarının fikri bizim üçün bu qədər əhəmiyyətlidir? Niyə öz xoşbəxtliyimizi başqalarının razılığına bağlayırıq? Bəzən insan sevmədiyi münasibətdə qalır, istəmədiyi işi görür, arzuladığı həyatdan imtina edir. Çünki “o nə deyər, bu nə deyər” düşüncəsi onun daxilindəki səsdən daha güclü olur. İnsan öz ürəyinin səsini eşitmək əvəzinə, başqalarının pıçıltılarını dinləyir. Beləcə, illər keçir, arzular köhnəlir, amma insan hələ də kiminsə razılığını gözləyir.

Unutmamalıyıq ki, bizi qınayan insanlar həyatımızın bütün məsuliyyətini daşımırlar. Onlar bizim gecələrimizi, göz yaşlarımızı, seçimlərimizin nəticələrini yaşamırlar. Bu gün bizi mühakimə edənlər sabah başqa bir mövzu tapıb onu müzakirə edəcəklər. Cəmiyyətin yaddaşı çox vaxt qısadır, amma insanın özünə qarşı etdiyi haqsızlıq illərlə ürəyində qalır. Başqalarının fikrindən qorxaraq yaşadığımız hər gün bəlkə də özümüzdən uzaqlaşdığımız bir gündür.

İctimai qınaq insanı yanlışdan çəkindirməlidir, xoşbəxtliyindən yox. Biz başqalarının həyatına hökm vermək əvəzinə, onların seçimlərinə anlayışla yanaşmağı öyrənməliyik. Hər kəsin öz hekayəsi, öz ağrısı, öz arzusu var. Həyat isə kiminsə “nə deyər” sualına cavab vermək üçün verilmir. Bəlkə də ən böyük cəsarət hamının bizi bəyənməsi deyil, heç kimə zərər vermədən özümüz kimi yaşamağı bacarmaqdır. Çünki sonda bu həyatı bizim əvəzimizə heç kim yaşamayacaq.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə