Ritual şamlar həqiqətənmi arzulara çatdırır, yoxsa insanları inandıran psixoloji təsirdir? - PSİXOLOQ

Ritual şamlar həqiqətənmi arzulara çatdırır, yoxsa insanları inandıran psixoloji təsirdir? - PSİXOLOQ

”Bəzi insanlar daxili hisslərinin arxasındakı mənaya xüsusi həssaslıqla yanaşır və bu səbəbdən fal, ritual və şamlar kimi inanclara daha çox meyil göstərirlər:

“Yunqun nəzəriyyəsinə əsasən, introvert və intuitiv tipli insanlar daxili hisslərinin görünən arxasındakı mənaya xüsusi həssaslıqla yanaşırlar. Bunun nəticəsində onlar bu inancların arxasınca gedərək fala, şamlara və rituallara meylli olurlar”.

Bu fikirləri psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bəzən hətta ən xırda bir ritualdan belə insanın milyonlara sahib olduğunu göstərən məqamlarla qarşılaşırıq:

” Halbuki bunun elmi sübutu yoxdur. İnsan bu cür nəzəriyyələrin arxasınca getdikcə və daxilindəki intuitiv hissləri yaşadıqca intuisiyanın həddindən artıq aktivləşməsi də müşahidə olunur.

İnsanlar inanclarının arxasınca getdikcə onun bəhrəsini gördüklərini düşünə bilirlər. Çünki insan bir şeyə inanmadığı və hisslərinə güvənmədiyi halda, hətta sevgidə və ilk yaranan hisslərdə belə qeyri-müəyyən vəziyyətə düşə bilər. Bu zaman nəticəni dərhal məntiqə yönəldən tərəf də olur, amma burada məntiqdən əsər-əlamət yoxdur. İnsan sadəcə inancının arxasınca gedən bir varlıqdır.

İnsanın özünün nə istədiyini özü qədər əlli min psixoloq da olsa, tam anlaya bilməz. Bəzən ardıcıl və ətraflı yanaşma ilə insanın nə istədiyi, hansı qeyri-müəyyən vəziyyətdə olduğu 50-70 faiz aydınlaşdırıla bilər. Bəzən isə insan ritual şamı yandırsa, bunun özünə xeyirli olacağını hiss etdiyini deyir.

İntuitiv insanların bu cür addımları olur. Amma elə insan da var ki, onun intuisiyası yoxdur deyə bilmərik və ya sırf reallığın arxasınca gedir deyə bilmərik. O, sadəcə şamlara inanmır. Beynin bir qəbul edən, bir də qəbul etməyən tərəfi var. Qəbul edən tərəfdə nə olursa olsun, pis və ya yaxşı, bir dəfə də olsa sınamaq və uğur gətirib-gətirməyəcəyini görmək istəyi olur. Elə insan da var ki, ümumiyyətlə, o qapıları özü üçün bağlayır, inanmadığını deyir və bunun arxasınca gedib boşuna vaxt sərf etmək istəmir.

Deməli, burada insanların fərqli düşüncələri, temperamentləri və xüsusiyyətləri rol oynayır. Ona görə də bu inam insanın özünün şüuraltı məhsuludur”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə