Payızda immuniteti gücləndirmək üçün nə yeməli və nələri azaltmalıyıq? - QİDA EKSPERTİ
"Payız aylarında havaların soyuması ilə əlaqədar orqanizmin enerji və bəzi qida maddələrinə olan tələbatı dəyişə bilər. Bu dövrdə immun sisteminin normal fəaliyyətini dəstəkləmək üçün ilk növbədə balanslı və müxtəlif tərkibli qidalanmaya üstünlük verilməlidir. Xüsusilə mövsümi meyvə və tərəvəzlər gündəlik rasionda mühüm yer tutmalıdır".
Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.
_(1)_(1)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, mandarin, portağal, limon, nar, alma, xurma, kivi kimi meyvələr, həmçinin balqabaq, kök, kələm, brokoli, çuğundur və göyərtilər vitamin və antioksidantlarla zəngindir:
"C vitamini immun sisteminin normal fəaliyyətinə töhfə verir, A vitamininin sələfi olan beta-karotin isə selikli qişaların qorunmasında iştirak edir. Sink və dəmir mənbəyi olan ət, balıq, yumurta, paxlalılar, qoz-fındıq da qidalanmada yer almalıdır. Eyni zamanda qatıq və kefir kimi fermentləşdirilmiş süd məhsulları bağırsaq mikrobiotasının dəstəklənməsinə kömək edir. Kifayət qədər su içmək və zülal qəbulunu təmin etmək də vacibdir.
Digər tərəfdən, şəkərli içkilərin, şirniyyatların, həddindən artıq duzlu və yağlı qidaların, fast-food və yüksək dərəcədə emal olunmuş məhsulların istehlakını azaltmaq tövsiyə olunur. Bu məhsulların həddindən artıq qəbulu ümumi sağlamlığa və metabolik tarazlığa mənfi təsir göstərə bilər.
Unutmaq olmaz ki, heç bir qida və ya vitamin təkbaşına immuniteti gücləndirərək mövsümi xəstəliklərdən tam qorumur. İmmunitetin normal fəaliyyəti üçün düzgün qidalanma ilə yanaşı, keyfiyyətli yuxu, fiziki aktivlik, şəxsi gigiyena və zəruri peyvəndlərin vaxtında olunması da mühüm əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB