"Avtobuslar üçün tətbiq olunan xüsusi svetoforlar Azərbaycan qanunvericiliyində də öz əksini tapan texnologiyadır. Burada əsas məsələ avtobusların xüsusi zolaqlarla hərəkət etməsi və digər nəqliyyat vasitələri ilə müqayisədə hərəkətlərinin ayrıca tənzimlənməsinə ehtiyac yaranmasıdır".
Bu sözləri SİA-ya açıqlaması zamanı nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, elə ərazilər var ki, orada avtobus zolağı yoxdur, lakin avtobusun marşrutu üzrə sola dönməsi tələb olunur:
"Məsələn, əvvəllər avtobusların bəzi hallarda sola dönməsi qadağan idi. Sonradan Nazirlər Kabinetinin qərarı ilə avtobuslara marşrut üzrə hərəkət edərkən müəyyən qayda pozuntularına yol verməyə icazə verildi.
Hazırda avtobuslar xüsusi zolaqlarla hərəkət etdiyinə və bu zolaqlar, əsasən, yolun sağ tərəfində yerləşdiyinə görə bəzi marşrutlarda avtobuslar sola dönərkən qayda pozuntusuna yol verməli olurlar. Bu isə adi qayda pozuntusu deyil, ciddi təhlükə yarada biləcək vəziyyətdir.
Məhz bu halların tənzimlənməsi üçün xüsusi avtobus svetoforlarının tətbiqinə ehtiyac yaranmışdı. Bu məsələni ötən il də AYNA-da müzakirə etmişdik. Bu il də AYNA rəhbərliyinin iştirakı ilə ekspertlərin qatıldığı müzakirə keçirildi və biz öz təkliflərimizi təqdim etdik.
Bir neçə belə nöqtə var. Məsələn, 28 May küçəsindən Azadlıq prospektinə, Azadlıq meydanı istiqamətində hərəkət edən avtobusları götürək. Avtobus sola dönərkən üç hərəkət zolağını kəsməlidir. Bu zaman sual yaranırdı ki, avtobus həmin zolaqları necə təhlükəsiz keçməlidir?
Bu baxımdan xüsusi svetoforların tətbiqi müsbət addımdır. Beləliklə, digər nəqliyyat vasitələri dayandıqda avtobus üçün yaşıl işıq yanır və o, heç bir maneə ilə qarşılaşmadan, təhlükə yaratmadan hərəkətini davam etdirə bilir.
Bunu yol hərəkətinin təhlükəsizliyi baxımından əhəmiyyətli hesab edirəm və dəstəkləyirəm. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi artıq bu mexanizmin tətbiqinə başlayıb və düşünürəm ki, gələcəkdə belə svetoforların sayı daha da artırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB