ABŞ-nin TRIPP layihəsində iştirakı prosesə əlavə siyasi və iqtisadi çəki qazandırır - ŞƏRH
Azərbaycan–Ermənistan münasibətlərində yeni siyasi reallıq formalaşır. Artıq əsas müzakirə predmeti müharibə və münaqişə deyil, sülhün institusional əsaslarının yaradılması, kommunikasiyaların açılması və regional iqtisadi inteqrasiyadır. Bu baxımdan TRIPP layihəsi və Zəngəzur istiqamətində gedən proseslər xüsusi strateji əhəmiyyət daşıyır. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Azərbaycanın əsas hədəflərindən biri Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsidir:
"Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində bu məsələ regional gündəlikdən beynəlxalq gündəliyə daşınıb. ABŞ-nin TRIPP layihəsində iştirakı isə prosesə əlavə siyasi və iqtisadi çəki qazandırır.
Zəngəzur istiqamətində nəqliyyat bağlantısının yaradılması sadəcə iki coğrafi məkanın birləşdirilməsi deyil. Bu, Türk dünyasının iqtisadi inteqrasiyasını sürətləndirəcək, Orta Dəhlizin imkanlarını genişləndirəcək, Avropa ilə Asiya arasında alternativ logistika marşrutlarını gücləndirəcək strateji layihədir.
Ermənistan üçün də tarixi fürsət yaranıb. İrəvan regional əməkdaşlığın iştirakçısına çevrilməklə iqtisadi imkanlarını genişləndirə bilər. Bunun üçün siyasi iradə nümayiş etdirilməli, razılaşdırılmış öhdəliklər praktik müstəviyə keçirilməlidir.
Sülh müqaviləsinin imzalanması qarşılıqlı etimadın hüquqi əsasını, kommunikasiyaların açılması isə iqtisadi əsasını formalaşdıra bilər. Çünki ortaq iqtisadi maraqlar dayanıqlı sülhün mühüm təminatlarından biridir.
Azərbaycan Cənubi Qafqazın qarşıdurma coğrafiyasından əməkdaşlıq coğrafiyasına çevrilməsini istəyir. Dünən regionun siyasi xəritəsində münaqişə xətləri üstünlük təşkil edirdisə, bu gün həmin xətləri nəqliyyat və əməkdaşlıq marşrutları ilə əvəzləmək imkanı yaranıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB