Qadınların gecə dəfn edilməsi dinin tələbi, yoxsa adət-ənənədir? - İLAHİYYATÇI DANIŞDI

Qadınların gecə dəfn edilməsi dinin tələbi, yoxsa adət-ənənədir? - İLAHİYYATÇI DANIŞDI

"İslam dini heç bir zaman ölüm, ölülər, dəfn edilmə, yas və ya ehsan verilməsi kimi məsələlərlə maraqlanmır. Bu, İslamın mahiyyətinə ziddir və dinin əsas mənası bunlarla bağlı deyil".

Bu sözləri SİA-ya açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

Onun sözlərinə görə, islamın məğzi diri və yaşayan insanlarla bağlıdır. O, insanlara yol göstərmək, bələdçilik etmək, onları oyatmaq və həyatlarını asanlaşdırmaq üçün gəlmiş bir sistemdir:

"Keçmişdə qadınların və kişilərin necə dəfn olunması müxtəlif ənənələrə və insanların qadın-kişi münasibətlərinə görə dəyişib. Məsələn, ərəblərin özündə də bəzən qadınların axşam vaxtı Kəbəni təvaf etdiyi hallar olub. Bunun səbəblərindən biri kimi onların yerli ərəblərdən və ya Məkkə sakinlərindən paltar, yaxud ehram kirayələməyə imkanlarının olmaması göstərilir. Dəfn məsələsində də bəzən qadınlar kişilərlə eyni şəkildə dəfn olunublar. Sonrakı dövrlərdə isə bədənlərinin forması bilinməsin deyə üzərlərinə gəc və ya buna bənzər örtük çəkilməsi kimi hallar baş verib.

Dəfnin dərin və ya dayaz olması, hansı formada həyata keçirilməsi kimi məsələlərin dinə yaxından-uzaqdan aidiyyəti yoxdur. Bunların hamısı insanların yaşadıqları cəmiyyətlərə xas gələnək və ənənələrlə əlaqəli məsələlərdir. Din isə bir daha qeyd edildiyi kimi, bu detallarla deyil, yaşayan insanların müasir dövrdəki həyatını asanlaşdırmaqla məşğuldur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə