Azərbaycan – Vyetnam münasibətləri: Tarixi dostluq və strateji tərəfdaşlığın yeni üfiqləri - MƏQALƏ

Azərbaycan – Vyetnam münasibətləri: Tarixi dostluq və strateji tərəfdaşlığın yeni üfiqləri - MƏQALƏ

Beynəlxalq münasibətlər sistemində siyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi, yeni geosiyasi reallıqların formalaşdığı müasir dövrdə dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi xüsusi aktuallıq kəsb edir. Bu şəraitdə Azərbaycan Respublikası xarici siyasətinin prioritet istiqamətlərinə uyğun olaraq beynəlxalq tərəfdaşlıq əlaqələrini daha geniş coğrafiyada inkişaf etdirir, yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına və mövcud əlaqələrin daha da dərinləşdirilməsinə xüsusi önəm verir. Bu kontekstdə Asiya-Sakit okean regionu, xüsusilə də sürətli iqtisadi inkişafı, artan beynəlxalq nüfuzu və regional proseslərdə yüksələn rolu ilə seçilən Vyetnam Sosialist Respublikası ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir.
Dövlət başçımız İlham Əliyevin cari ilin 19 noyabr tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə ölkələrimiz arasındakı münasibətlərinin keçdiyi tarixi yolu, mövcud əməkdaşlığın əsas istiqamətlərini və gələcək inkişaf perspektivlərini əhatə etdi. Cənab Prezidentin səsləndirdiyi fikirlərdən aydın olur ki, Bakı ilə Hanoy arasındakı münasibətlər artıq ənənəvi dostluq və diplomatik təmaslar çərçivəsini aşaraq, qarşılıqlı maraqlara əsaslanan çoxşaxəli strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur.
Bu münasibətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onların təməlində yalnız cari siyasi və iqtisadi maraqlar deyil, həm də tarixi yaddaş, qarşılıqlı hörmət və xalqlar arasında formalaşmış səmimi dostluq dayanır. Məhz bu amillər Azərbaycan və Vyetnam arasında əməkdaşlığın davamlılığını təmin edən başlıca siyasi və mənəvi dayaqlardır.

Azərbaycan–Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixi hər iki xalqın siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq ənənələri ilə səciyyələnir. Prezident İlham Əliyevin müsahibədə xüsusi vurğuladığı kimi, bu dostluğun başlanğıcı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfərinə gedib çıxır.
Həmin səfər iki xalq arasında münasibətlərin inkişafında mühüm mərhələ olmaqla yanaşı, sonrakı onilliklərdə siyasi, iqtisadi və humanitar əlaqələrin genişlənməsi üçün möhkəm zəmin yaradıb. Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri xüsusi əhəmiyyət daşıyır. Səfərin müddətinin uzadılması və Vyetnamın müxtəlif regionlarını əhatə etməsi əməkdaşlığın daha dərindən öyrənilməsinə və konkret iqtisadi razılaşmaların əldə olunmasına imkan verib.
Ölkələrimiz arasında münasibətlərin inkişafında son illərdə müşahidə olunan dinamika dövlətlərarası siyasi dialoqun keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Bu prosesin məntiqi davamı olaraq, 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri münasibətlər tarixində yeni mərhələnin əsasını qoyub. Səfər çərçivəsində aparılan danışıqlar və qəbul edilən Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin əməkdaşlıq gündəliyini daha geniş və sistemli müstəviyə çıxarıb.
Sənədin əhəmiyyəti ondan ibarətdir ki, o, siyasi dialoqla yanaşı, energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığın inkişafı üçün institusional və siyasi çərçivə formalaşdırır. Beləliklə, münasibətlər ayrı-ayrı təşəbbüslər səviyyəsindən daha geniş strateji hədəflərə əsaslanan tərəfdaşlıq modelinə transformasiya olunur.

Eyni zamanda, hökumətlərarası komissiyaların fəaliyyəti, parlamentlərarası dostluq qruplarının təmasları və Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq siyasi əlaqələrin müxtəlif səviyyələrdə davamlılığını təmin edir. Beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində qarşılıqlı fəaliyyət isə iki ölkənin çoxtərəfli diplomatiyada da ortaq maraqlara malik olduğunu nümayiş etdirir.
Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişafında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstərici tərəflərin iqtisadi potensialını tam əks etdirmir.
Hər iki ölkənin coğrafi mövqeyi, iqtisadi resursları və regional bazarlara çıxış imkanları qarşılıqlı ticarətin artırılması üçün əlverişli zəmin yaradır. Azərbaycan Cənubi Qafqaz və daha geniş Avrasiya məkanında mühüm iqtisadi-logistik mövqeyə malik olduğu halda, Vyetnam Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından biri kimi böyük bazar imkanları təqdim edir.
Vyetnamın “ROX Group” şirkətinin Azərbaycanda tikinti, infrastruktur və bərpaolunan enerji sahələrində layihələrə maraq göstərməsi bu istiqamətdə müsbət nümunədir. 2026-cı ilin sentyabrında Bakıda keçirilmiş İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması Vyetnam kapitalının Azərbaycan iqtisadiyyatına cəlb olunması baxımından yeni perspektivlər açır.
Azərbaycan və Vyetnam arasında iqtisadi tərəfdaşlığın ənənəvi və perspektivli istiqamətlərindən biri energetika sektorudur. Hər iki ölkənin neft-qaz sənayesində zəngin təcrübəyə və müvafiq istehsal potensialına malik olması bu sahədə əməkdaşlığı xüsusi əhəmiyyətli edir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biridir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, eləcə də mütəxəssis hazırlığı sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Müsahibədə dövlətimizin başçısının diqqət yetirdiyi mühüm məqamlardan biri də nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivləridir. Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat dəhlizləri yalnız iqtisadi əlaqələrin deyil, həm də dövlətlərin geosiyasi və geoiqtisadi mövqelərinin güclənməsinin mühüm vasitəsinə çevrilib.
Bu baxımdan, Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzərində yerləşməsi Vyetnamla əməkdaşlıq üçün əhəmiyyətli imkanlar yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən Vyetnamla əlaqəli tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub.
Azərbaycan–Vyetnam münasibətlərinin mühüm xüsusiyyətlərindən biri də humanitar əməkdaşlığın genişliyi və davamlılığıdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun Vyetnamda həyata keçirdiyi humanitar və təhsil təşəbbüsləri Azərbaycan xalqının dost ölkəyə münasibətinin, həmçinin beynəlxalq humanitar əməkdaşlığa verdiyi önəmin təzahürüdür. Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək, təhsil proqramlarının təşviqi və digər sosial layihələr bu fəaliyyətin konkret nümunələridir.
Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də humanitar əlaqələrin genişləndirilməsi baxımından əlamətdar hadisə olub. Səfər çərçivəsində keçirilən görüşlər, yaradıcı ziyalılarla və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə təmaslar, eləcə də Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi iki ölkə arasında humanitar əməkdaşlığın əhatə dairəsini daha da genişləndirib.
Təhsil və elm sahəsində əməkdaşlıq Azərbaycan–Vyetnam münasibətlərinin uzunmüddətli perspektivlərini müəyyən edən mühüm istiqamətlərdəndir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması bu əlaqələrin dərin tarixi köklərə malik olduğunu göstərir. Həmin məzunların sonradan öz ölkələrində müxtəlif sahələrdə fəaliyyət göstərməsi Azərbaycanla Vyetnam arasında bilik və təcrübə mübadiləsinin davamlı nəticələrindən biridir.
2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə tarixi yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu hadisə iki xalqın ortaq tarixə və dostluq ənənələrinə verdiyi dəyərin rəmzi ifadəsidir.
Mədəniyyət sahəsində də əlaqələr ardıcıl şəkildə inkişaf edir. Azərbaycanda keçirilən Vyetnam Günləri, 2026-cı ildə festivalın ilk dəfə Bakı ilə yanaşı Qəbələdə də təşkil olunması xalqlar arasında mədəni dialoqun coğrafiyasının genişləndiyini göstərir. Vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycan dilində nəşri də ədəbi əlaqələrin inkişafına töhfə verən əhəmiyyətli hadisədir.
Azərbaycan və Vyetnam arasında mədəni əməkdaşlığın tarixi isə daha əvvəlki dövrlərə gedib çıxır. Bəstəkar Qara Qarayevin 1955-ci ildə ilk Sovet-Vyetnam sənədli filmi üçün yaratdığı “Vyetnam süitası” və rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda həyata keçirdiyi yaradıcı fəaliyyət bu münasibətlərin mədəni əsaslarını formalaşdıran mühüm nümunələrdir. Əjdər İbrahimovun Vyetnam kinematoqrafiyasının inkişafına, yerli rejissor və aktyorların yetişdirilməsinə verdiyi töhfələr iki xalq arasında sənət əlaqələrinin tarixində xüsusi yer tutur.
İki ölkə arasında dostluğun mühüm göstəricilərindən biri də çətin dövrlərdə qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilməsidir. Azərbaycanın 2024-cü ildə Vyetnamda baş vermiş “Yaqi” tayfununun, eləcə də 2025-ci ildə qeydə alınmış genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə maliyyə yardımı göstərməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini sistemli şəkildə təqdim edir. Müsahibədə diqqətə çatdırılan tarixi, siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil və humanitar əməkdaşlıq istiqamətləri ölkələrimiz arasında əlaqələrin çoxşaxəli xarakterini aydın şəkildə nümayiş etdirir.
Bu mənada, Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərin gələcək inkişafı üçün mühüm siyasi istiqamət müəyyənləşdirir. Qarşıda duran əsas vəzifə əldə olunmuş razılaşmaların konkret layihələrə çevrilməsi, ticarət dövriyyəsinin artırılması, investisiya əməkdaşlığının genişləndirilməsi və nəqliyyat-logistika imkanlarından daha səmərəli istifadə edilməsidir.
Prezident İlham Əliyevin müsahibədə ifadə etdiyi yanaşma bir daha təsdiqləyir ki, Azərbaycan xarici siyasətində ənənəvi dostluq münasibətlərinin qorunması ilə yanaşı, yeni geoiqtisadi reallıqlara uyğun tərəfdaşlıq əlaqələrinin qurulmasına da xüsusi önəm verir. Azərbaycan və Vyetnam arasında formalaşmış tarixi dostluğun strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə hər iki ölkənin siyasi, iqtisadi və humanitar maraqlarına xidmət edən perspektivli əməkdaşlıq modelidir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə