"Bakı ilə London arasında əlaqələr uzun illər ərzində siyasi dialoq və beynəlxalq əməkdaşlıq kimi çoxşaxəli istiqamətlər üzrə inkişaf edib" - ŞƏRH

"Bakı ilə London arasında əlaqələr uzun illər ərzində siyasi dialoq və beynəlxalq əməkdaşlıq kimi çoxşaxəli istiqamətlər üzrə inkişaf edib" - ŞƏRH

"Azərbaycan–Böyük Britaniya münasibətləri Azərbaycanın müstəqillik dövründə formalaşdırdığı ən mühüm strateji tərəfdaşlıq istiqamətlərindən biridir. Bu münasibətləri yalnız enerji əməkdaşlığı və iqtisadi maraqlarla məhdudlaşdırmaq düzgün olmazdı. Bakı ilə London arasında əlaqələr uzun illər ərzində siyasi dialoq, enerji təhlükəsizliyi, investisiyalar, regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq kimi çoxşaxəli istiqamətlər üzrə inkişaf edib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və 1990-cı illərdən etibarən ölkəmizin iqtisadi inkişafında, xüsusilə enerji sektorunda mühüm rol oynayıb:

"Britaniya şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə yatırdığı sərmayələr ölkəmizin beynəlxalq iqtisadi sistemə inteqrasiyasında, enerji potensialının reallaşdırılmasında və Xəzər regionunun qlobal enerji xəritəsində mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayıb.

Bu tərəfdaşlığın siyasi çəkisi 2026-cı ilin noyabrında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə daha da yüksəlib. Bu sənəd münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Əməkdaşlığın müdafiə və təhlükəsizlik, ticarət və investisiyalar, təhsil və innovasiya kimi istiqamətləri əhatə etməsi tərəfdaşlığın uzunmüddətli xarakter daşıdığını təsdiqləyir.

Münasibətlərin ən güclü dayaqlarından biri enerji əməkdaşlığıdır. BP-nin Azərbaycandakı uzunmüddətli fəaliyyəti, Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılması və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu bu tərəfdaşlığa xüsusi strateji məzmun verir. Lakin bugünkü əməkdaşlığın perspektivi ənənəvi neft-qaz sektorundan daha genişdir. Bərpaolunan enerji, yaşıl enerji dəhlizləri, liman infrastrukturu, Orta Dəhliz, rəqəmsal texnologiyalar və süni intellekt yeni əməkdaşlıq imkanları yaradır.

Burada Azərbaycanın geosiyasi mövqeyini də xüsusi qeyd etmək lazımdır. Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat, enerji və kommunikasiya qovşağıdır. Böyük Britaniya kimi qlobal siyasi və iqtisadi imkanlara malik dövlətlə strateji tərəfdaşlıq ölkəmizin beynəlxalq əlaqələrinin şaxələndirilməsinə, investisiya mühitinin güclənməsinə və regional təşəbbüslərinin daha geniş beynəlxalq dəstək qazanmasına xidmət edir.

Mən hesab edirəm ki, Azərbaycan–Böyük Britaniya münasibətlərinin bugünkü səviyyəsi ölkəmizin müstəqil xarici siyasətinin və beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biridir. Bu əlaqələrdə Azərbaycan sadəcə enerji resursları təqdim edən tərəf deyil, regional təhlükəsizlik, nəqliyyat bağlantıları, enerji transformasiyası və beynəlxalq əməkdaşlıq məsələlərində öz gündəliyini formalaşdıran etibarlı tərəfdaşdır. Strateji tərəfdaşlıq haqqında yeni bəyannamə isə bu münasibətlərin gələcək illərdə daha geniş məzmun qazanması üçün siyasi və institusional zəmin yaradır. Azərbaycanın əsas üstünlüyü də məhz budur: beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını qoruyaraq nüfuzlu dövlətlərlə bərabərhüquqlu və uzunmüddətli tərəfdaşlıq qurmaq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə