"Şəhid ailələri və müharibə veteranlarının məşğulluğu prioritet istiqamətlərdəndir" - Nazir

"Şəhid ailələri və müharibə veteranlarının məşğulluğu prioritet istiqamətlərdəndir" - Nazir

Şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun təmin olunması dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə özünüməşğulluq proqramları, peşə hazırlığı kursları və əmək bazarına inteqrasiyanı dəstəkləyən müxtəlif layihələr həyata keçirilir.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ötən müddət ərzində şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, onların işlə təmin olunması istiqamətində mühüm işlər görülüb. Dövlət qurumları tərəfindən bu kateqoriyadan olan şəxslərə hərtərəfli dəstək göstərilir, özünüməşğulluq proqramları çərçivəsində layihələr icra olunur.

Onun sözlərinə görə, onlar üçün peşə hazırlığı kursları təşkil edilir, xüsusilə şəhid ailələrinin üzvləri olan gənclərin əmək bazarına inteqrasiyası üçün imkanlar yaradılır. Eyni zamanda, əməkhaqqının birgə maliyyələşdirilməsi və yeni iş yerlərinin yaradılması üzrə məqsədli proqramlar həyata keçirilir.

Anar Əliyev qeyd edib ki, vakansiya bankının yaradılması da məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edir. Şəhid ailələrinin üzvlərinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə mütəmadi görüşlər və dəstək tədbirləri keçirilir. Bu istiqamətdə 1800-dən çox peşə hazırlığı mütəxəssisi hazırlanıb, şəhid ailələrinin üzvlərinə müxtəlif sahələr üzrə dəstək göstərilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə