"Valideyn-övlad münasibətlərinin zəifləməsi gələcəkdə ciddi sosial problemlərə yol aça bilər" - SOSİOLOQ

"Valideyn-övlad münasibətlərinin zəifləməsi gələcəkdə ciddi sosial problemlərə yol aça bilər" - SOSİOLOQ

"Valideyn-övlad münasibətlərinin zəifləməsi müasir cəmiyyətin əsas sosial-psixoloji problemlərindən biridir. Xüsusilə yaşadığımız dövrdə bu məsələ öz aktuallığı ilə seçilir. Ailə institutu yalnız övladların maddi və fiziki ehtiyaclarını qarşılayan bir qurum deyil".

Bu fikirləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.

Onun sözlərinə görə, eyni zamanda, ailə uşaqların mənəvi və psixoloji baxımdan dəstəkləndiyi, milli-mənəvi dəyərlərin aşılandığı və dünyagörüşünün formalaşdığı ilkin sosial mühitdir. Geniş mənada ailə fərdin sosiallaşma prosesinin başlanğıc nöqtəsidir:

"Valideynlə övlad arasında sosial münasibətlərin zəifləməsi gələcəkdə bir sıra sosial problemlərə səbəb ola bilər. Bu münasibətlərin zəifləməsini yalnız ailə üzvləri arasında əlaqələrin azalması kimi qiymətləndirmək düzgün deyil. Çünki fərd şəxsiyyət kimi formalaşmasının ilkin mərhələsini məhz ailədə keçir, daha sonra isə geniş sosial mühitə və münasibətlər sisteminə daxil olur.

Valideyn-övlad münasibətlərindəki zəifləmə ilk növbədə emosional uzaqlaşma və ailə bağlarının zəifləməsi ilə müşahidə olunur. Bu vəziyyət uşağın özünəinamına və özgüvəninə mənfi təsir göstərə bilər. Nəticədə həmin şəxslər gələcəkdə cəmiyyətdə digər fərdlərlə ünsiyyət qurarkən, sosial münasibətlərə daxil olarkən və kommunikasiya prosesində müəyyən çətinliklərlə üzləşə bilərlər.

Belə münasibətlərdə böyüyən övladlar gələcəkdə sərt dialoq və emosional laqeydlik kimi davranışlar nümayiş etdirə, cəmiyyətə adaptasiya olmaqda, inteqrasiya prosesində və aktiv sosial münasibətlər qurmaqda çətinlik çəkə bilərlər. Bu isə müəyyən hallarda cəmiyyətdəki ümumi sosial harmoniyaya da mənfi təsir göstərə bilər.

Digər mühüm məqamlardan biri də belə uşaqların zərərli sosial mühitin təsirinə daha açıq olmasıdır. Ailədə valideyn sevgisi, diqqəti və dəstəyi görməyən, valideynləri ilə sıx ünsiyyət qura bilməyən övladlar kənar mühitdə mənfi təsirlərə məruz qala bilərlər. Məsələn, narkomaniya və digər zərərli vərdişlərə meyilli sosial qrupların təsiri altına düşmək riski yarana bilər.

Valideyn-övlad münasibətlərinin zəifləməsi, eyni zamanda, nəsillərarası münasibətlərin zəifləməsi kimi də qiymətləndirilə bilər. Belə ki, uşaq ailədə sağlam münasibət, sevgi və qarşılıqlı dəstək nümunəsi görmədikdə gələcəkdə özü ailə qurarkən də oxşar davranışları təkrarlaya bilər. Beləliklə, ailədaxili münasibətlərdəki problemlər nəsildən-nəslə ötürülərək daha geniş sosial problemə çevrilə bilər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə