“Milli istehsalın təşviqi iqtisadi təhlükəsizliyin əsas şərtlərindəndir“ -ZAHİD ORUC

“Milli istehsalın təşviqi iqtisadi təhlükəsizliyin əsas şərtlərindəndir“ -ZAHİD ORUC

Qlobal iqtisadi qarşıdurmalar, embarqolar və beynəlxalq təchizat zəncirlərində yaranan problemlər şəraitində milli istehsalın genişləndirilməsi Azərbaycanın iqtisadi təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Dərman preparatları, tibbi avadanlıqlar, kənd təsərrüfatı texnikası, elektronika, kimya sənayesi və ərzaq məhsulları üzrə xüsusi istehsal təşviqlərinin müəyyənləşdirilməsi vacibdir. Vergi və gömrük siyasəti yerli istehsalçıların rəqabət imkanlarını artırmağa xidmət etməlidir.

SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanda istehsalını təşkil edən, ölkəyə texnologiya gətirən, mühəndis və fəhlələri işlə təmin edən sahibkar xaricdən hazır məhsul idxal edən sahibkardan daha əlverişli iqtisadi şəraitdə fəaliyyət göstərməlidir.

Onun sözlərinə görə, istehsal üçün zəruri avadanlıq və xammal idxalında vergi ödənişlərinin təxirə salınması imkanlarının genişləndirilməsi də nəzərdən keçirilə bilər.

Zahid Oruc rəqəmsal texnologiyalar sahəsində milli kapitalın təşviqinin vacibliyini də diqqətə çatdırıb. O qeyd edib ki, dünyada rəqəmsal nəhənglərin iqtisadi gücünün artdığı və yeni asılılıq münasibətlərinin formalaşdığı bir dövrdə Azərbaycanın öz texnologiyalarını yaratması strateji əhəmiyyət daşıyır.

Deputat kənd təsərrüfatında vergi güzəştlərinin tətbiqi zamanı iri aqroparklarla kiçik ailə təsərrüfatlarının iqtisadi imkanlarının fərqləndirilməsinin vacibliyini vurğulayıb. Əsas ərzaq məhsulları üzrə ƏDV güzəştlərinin davam etdirilməsini əhalinin sosial müdafiəsi baxımından mühüm qərar adlandırıb.

O, regionlarda vergi təşviqlərinin işsizlik səviyyəsi, əhalinin gəlirləri və daxili miqrasiya göstəriciləri nəzərə alınmaqla müəyyənləşdirilməsinin yeni istehsal müəssisələrinin yaradılmasına və paytaxta miqrasiya axınının azalmasına kömək edə biləcəyini bildirib.

Zahid Oruc, həmçinin vergi güzəştlərinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üçün büdcə zərfinə ayrıca hesabatın daxil edilməsini təklif edib. Onun fikrincə, güzəştlər nəticəsində yaradılan əlavə dəyər, açılan daimi iş yerləri və idxaldan asılılığın azalması vergi siyasətinin effektivliyinin əsas göstəriciləri olmalıdır.

Deputat qanunvericilik layihəsini müsbət qiymətləndirdiyini və ona səs verəcəyini bildirib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə