"Türkiyə-Azərbaycan əlaqələri son 30 ildə dəfələrlə sınaqlardan uğurla keçib" - ŞƏRH EDİLDİ

"Türkiyə-Azərbaycan əlaqələri son 30 ildə dəfələrlə sınaqlardan uğurla keçib" - ŞƏRH EDİLDİ

"Türkiyə-Azərbaycan münasibətləri dövlətlərarası münasibətlər müstəvisində dünyada analoqu olmayan, bir-birini tamamlayan tandemi təmsil edir. Bu əməkdaşlıq bəlkə də dünyada yeganə nümunədir ki, həm dövlətlərin, həm də xalqların və cəmiyyətlərin qardaşlığı və münasibətləri pozulmaz xarakter daşıyır, eyni zamanda daha da dərinləşmək potensialına malikdir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərini dövlətlər və cəmiyyətlərarası müstəvidə istənilən qədər dərinləşdirmək və inkişaf etdirmək mümkündür. Bu münasibətlər dərinləşmə və genişlənmə baxımından heç bir məhdudiyyət tanımır. Xüsusilə də son 30 ildə bu münasibətlər dəfələrlə sınaqlardan keçib. Azərbaycan Türkiyə dövləti üçün, Türkiyə dövləti də Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirib:

"Türkiyə-Azərbaycan münasibətlərinə qısqanc yanaşan qüvvələrin bu əlaqələrə qarşı çox ciddi səylər göstərdiyini görmüşük. Lakin bunlar heç bir halda münasibətlərə mənfi təsir göstərməyib və göstərə də bilməz. Bununla belə, bəzi hallarda müəyyən qruplar Türkiyə-Azərbaycan münasibətlərinə ziyan vuran addımlar atmağa cəhd göstərirlər. Xüsusilə də Türkiyənin hakim AK Partiya iqtidarına yaxın çevrələrdən olan bəzi şəxslərin Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə birdəfəlik son qoyulması iki ölkənin dövlətlər və cəmiyyətlərarası qardaşlığını misilsiz yeni səviyyələrə yüksəldə bilər. Bunun üçün müdaxilə cəhdlərinə son qoyulması vacibdir.

Azərbaycan və Türkiyənin qardaşlığı analoqu olmayan münasibətlərdir. İqtisadi, ticarət, siyasi, sosial, humanitar, qlobal və digər sahələrdə əməkdaşlığın çox nəzərəçarpan nəticələrini ortaya qoymuşuq. Bu münasibətlər nə qədər böyük inkişaf perspektivlərinə və potensiala malik olsa da, bir o qədər də kövrək xarakter daşıyır. Türkiyə-Azərbaycan münasibətlərinin kövrək xarakter daşıdığını heç kim unutmamalıdır. Bununla belə, bu, Türkiyə-Azərbaycan münasibətlərinin nə vaxtsa qırıla biləcəyi anlamına gəlmir. Kövrəklik dedikdə, münasibətlərin qırılması deyil, bəzi hallarda müəyyən fasilələrin yaranması nəzərdə tutulur. Bu münasibətlər qırılmaz və sarsılmazdır, amma bəzən ehtiyatsız bəyanatlar və cəhdlər münasibətləri müvəqqəti soyuda və müəyyən fasilələrə səbəb ola bilər.

İki dövlət arasında qardaşlığın daha da möhkəmlənməsi bir sıra amillərdən asılıdır. Bunun üçün daxili işlərə müdaxilə cəhdləri olmamalıdır. Regional əməkdaşlıq məsələlərində dövlətlərin öz milli inkişaf və təhlükəsizlik maraqlarına üstünlük vermək hüququ nəzərə alınmalıdır. Dövlətlərin daxili məsələlərdə öz milli hüquqlarına söykənmək hüququ əsas götürülməlidir. Beynəlxalq məsələlərdə isə yanaşmalar hər bir ölkənin öz milli maraqları və mənafeləri əsasında müəyyənləşdirilməlidir. Bu prinsiplərdən çıxış edildiyi təqdirdə, Türkiyə-Azərbaycan qardaşlığı həm dövlətlər, həm də cəmiyyətlər arasında əbədi olaraq sarsılmaz bir proses kimi davam edəcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə