DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub

DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub

Noyabrın 16-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Eyni zamanda, narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Ümumi çəkisi 11,9 kiloqram narkotik vasitə və 631 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 17 tüfəng və 205 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə