Fazil Mustafa onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmasını istəyib
Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta xidmətlərinə daxil edilməsi və regionlardakı xəstəxanaların maddi-texniki bazasının gücləndirilməsi vacibdir.
SİA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, icbari tibbi sığortanın onkoloji xəstəliklərin müalicəsinə yönəldilməsi məsələsi dəfələrlə qaldırılsa da, hələ də həllini tapmayıb. Onun sözlərinə görə, onkoloji xəstəliklərdən əziyyət çəkən və xaricdə müalicə almaq imkanları olmayan insanların tibbi xidmətlərdən yararlanması təmin edilməlidir.
Fazil Mustafa dövlət və özəl xəstəxanalar arasında tibbi xidmətlərin əlçatanlığı baxımından fərqlərə də diqqət çəkib. O qeyd edib ki, dövlət xəstəxanalarında MRT və KT müayinələri üçün uzun növbələr yarandığı halda, özəl klinikalarda bu müayinələrə müraciət edənlərin sayı daha azdır.
Deputat özəl xəstəxanaların səhiyyə sisteminin bir hissəsi kimi qəbul edilməsinin vacibliyini vurğulayaraq, imkanı olan pasiyentlərin müalicə xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması imkanlarının nəzərdən keçirilməsini təklif edib.
O, həmçinin regionlarda xəstəxanaların maddi-texniki bazasının gücləndirilməsinin vacibliyini bildirib. Qeyd edib ki, rayonlarda normal müalicə imkanlarının məhdudluğu insanların Bakıya üz tutmasına və paytaxt xəstəxanalarının daha çox yüklənməsinə səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB