“Zorakılığa Qarşı Bir Addım” adlı layihənin icrasına başlayır

“Zorakılığa Qarşı Bir Addım” adlı layihənin icrasına başlayır

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə İnkişaf, İnnovasiya və Sosial Təşəbbüslər qrantı çərçivəsində Gənclər Mərkəzi İctimai Birliyi “Zorakılığa Qarşı Bir Addım” adlı layihənin icrasına başlayır.

SİA xəbər verir ki, layihənin koordinatoru, Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadənin verdiyi məlumata görə, layihənin müddəti 3 aydır və İsmayıllı, Qəbələ,Xaçmaz və Quba rayonlarında həyata keçiriləcək. Layihə erkən nikah və məişət zorakılığının qarşısının alınması məqsədilə yeniyetmələr, gənclər, valideynlər və icma üzvləri arasında maarifləndirmə işinin aparılmasını nəzərdə tutur. Layihə çərçivəsində iştirakçılara erkən nikahın və məişət zorakılığının sosial, psixoloji, hüquqi və iqtisadi nəticələri barədə məlumat veriləcək, onların hüquq və vəzifələri izah olunacaqdır. Layihə nəticəsində hədəf qrupların məlumatlılıq səviyyəsinin yüksəlməsi, hüquqi biliklərinin artması və erkən nikah ilə məişət zorakılığının mənfi nəticələri barədə daha dolğun təsəvvür formalaşdırılması nəzərdə tutulur. Bununla da cəmiyyətdə bu problemlərin qarşısının alınmasına və sağlam sosial münasibətlərin inkişafına töhfə verilməsi hədəflənir. Layihə çərçivəsində maarifləndirici tədbirlərin təşkili, benefisiarlara qanunvericilikdən çıxarışlar və digər materialların paylanması nəzərdə tutulur. Qeyd edək ki, hazırda layihə hazırlıq mərhələsindədir. Bu mərhələdə layihəyə cəlb olunacaq işçi heyətlə mövzu üzrə ətraflı müzakirələr aparılır, benefisiarlar müəyyənləşdirilir, işçilərə vəzifələr izah olunur və müqavilələrin bağlanması həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə