İdeoloji təhlükəsizliyin təmin olunmasında təhsil, mədəniyyət və medianın rolu nəzərə alınmalı, bu sahələrə ayrılan vəsaitlərin artırılması imkanları qiymətləndirilməlidir.
SİA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, ideoloji təxribatlara qarşı mübarizədə hər bir xalqın üç mühüm immunitet dayağı var: mədəniyyət, mənəviyyat və tarixi yaddaş. Bu baxımdan təhsil, elm və mədəniyyət sahələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, 2027-ci ildə təhsil və elm sahəsinə 5,4 milyard manat, mədəniyyətə isə 643 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Onun fikrincə, ideoloji təhlükəsizliyin gücləndirilməsi baxımından mədəniyyət sahəsinə daha çox diqqət yetirilməlidir.
H.Babaoğlu vurğulayıb ki, incəsənət, musiqi, kino, opera, balet və teatr gənc nəslin milli-mənəvi dəyərlərlə tanışlığında mühüm rol oynayır. Mədəniyyət emosional yaddaşa təsir etdiyi üçün milli kimliyin formalaşmasında təsirli vasitələrdən biridir.
O, media və televiziya yayımına ayrılan vəsait məsələsinə də toxunub. Deputatın sözlərinə görə, bu sahəyə ümumilikdə 68 milyon 369 min manat ayrılır. Bunun 53,5 milyon manatı televiziyalara, 14,5 milyon manatı isə media yayımına yönəldilir. O hesab edir ki, ideoloji təhlükəsizlik çağırışları nəzərə alınaraq bu istiqamətdə maliyyələşmənin gücləndirilməsi imkanlarına baxılmalıdır.
Deputat rus bölməsində təhsil alan şagirdlərin sayına da diqqət çəkib. O bildirib ki, Azərbaycanda 157 min şagird rus bölməsində, 1 milyon 570 min şagird isə Azərbaycan bölməsində təhsil alır. H.Babaoğlu dövlət hesabına rus dilində təhsilin maliyyələşdirilməsi məsələsinin də müzakirə olunmasının vacibliyini qeyd edib.
H.Babaoğlu səhiyyə sahəsində aparılan islahatlara toxunaraq, bu istiqamətdə müsbət gözləntilərin olduğunu bildirib. Onun sözlərinə görə, əhalinin sağlamlığı həm fiziki, həm də ideoloji baxımdan qiymətləndirilməli, bu sahələrdə təhsil və səhiyyənin rolu nəzərə alınmalıdır.
Deputat çıxışında seçicilərinin müraciətini də diqqətə çatdırıb. O bildirib ki, oktyabrın 22-də Nərimanov rayonunda Nizami Hacıyev küçəsi 6 və 6A ünvanlarında yerləşən, 1941-ci ildə tikilmiş binada iki dəfə uçqun baş verib və sakinlərə maddi ziyan dəyib. H.Babaoğlu aidiyyəti qurumların zərərçəkmiş sakinlərin problemlərinin həlli istiqamətində addımlar atacağına ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB