“İşğaldan azad edilmiş ərazilərin bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq” - Azər Əmiraslanov

“İşğaldan azad edilmiş ərazilərin bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq” - Azər Əmiraslanov

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 2020–2026-cı illərdə dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. 2027-ci ildə isə bu məqsədlə 3,4 milyard manat nəzərdə tutulub.

SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan postmüharibə dövründə bərpa prosesini beynəlxalq yardımlara və xarici dəstəyə arxalanmadan, öz daxili imkanları hesabına həyata keçirir.

Komitə sədri qeyd edib ki, 2027-ci ilin büdcə zərfi dövlətin sosial siyasətinin növbəti ildə də gücləndiriləcəyini göstərir. Belə ki, büdcə xərclərinin 18,7 milyard manatı və ya 44,2 faizi sosial yönümlü xərclərdən ibarət olacaq. Bu, 2026-cı illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz çoxdur.

A.Əmiraslanov vurğulayıb ki, sosial yönümlü xərclərin büdcədə yüksək paya malik olması dövlət siyasətində sosial öhdəliklərin və insan kapitalının prioritet olduğunu təsdiqləyir.

Onun sözlərinə görə, sosial xərclərin böyük hissəsi davamlı və təkrarlanan öhdəliklərdən ibarət olduğuna görə onların fasiləsiz icrası etibarlı maliyyə bazası tələb edir.

Komitə sədri əlavə edib ki, iqtisadi və sosial siyasətin uzlaşdırılması, əhalinin rifahının yüksəldilməsi və həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi büdcə siyasətinin əsas istiqamətlərindəndir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə