“2027-ci il dövlət büdcəsində sosial müdafiə və müdafiə qabiliyyətinin gücləndirilməsi əsas prioritetlərdəndir” - Sahibə Qafarova
Azərbaycanın 2026-cı ildə əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər gələn ilin dövlət büdcəsinin formalaşdırılması üçün mühüm zəmin yaradıb.
SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan cari ildə regionda baş verən mürəkkəb proseslər fonunda təmkinli və məsuliyyətli siyasət yürüdərək milli maraqlarını ardıcıl şəkildə müdafiə edib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ölkə iqtisadiyyatının dayanıqlığının qorunmasına imkan yaradıb.
Milli Məclisin sədri qeyd edib ki, 10 ay ərzində dövlət büdcəsi 4,8 milyard manat profisitlə icra olunub. Oktyabrın sonuna olan məlumata görə, Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dollara yaxınlaşıb. Bu göstərici xarici dövlət borcundan təxminən 20 dəfə çoxdur.
S.Qafarova vurğulayıb ki, ilin mühüm nəticələrindən biri də Böyük Qayıdış prosesinin davam etdirilməsidir. İşğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası, infrastrukturun qurulması və ailələrin doğma yurdlarına qayıdışı istiqamətində işlər davam etdirilir.
O, 2027-ci il dövlət büdcəsinin əsas göstəricilərinə də toxunub. Bildirib ki, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 645 milyon manat çoxdur. Büdcə xərclərinin isə 42,4 milyard manat olacağı gözlənilir ki, bu da cari ilin göstəricisindən təxminən 696 milyon manat artıqdır.
S.Qafarovanın sözlərinə görə, gələn ilin büdcə xərclərində iqtisadi artımın dəstəklənməsi, əhalinin sosial müdafiəsinin, xüsusilə həssas qrupların sosial təminatının gücləndirilməsi əsas istiqamətlərdəndir. Bununla yanaşı, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, ordunun müasir təchizatının davam etdirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılacaq.
O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası, əhalinin doğma yurdlarına qayıdışı, süni intellekt texnologiyalarının tətbiqi, təmiz enerji mənbələrinin inkişafı və yaşıl artımın təmin olunması da 2027-ci ilin büdcə prioritetləri sırasındadır.
Milli Məclisin sədri qeyd edib ki, dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Müzakirələrdə parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələri də iştirak edərək fikirlərini bildirmək imkanı əldə ediblər.
S.Qafarova müzakirələrin səmərəli keçəcəyinə və deputatların səsləndirəcəyi təkliflərin nəzərə alınacağına ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB