“2027-ci ilin büdcəsi müdafiə və inkişaf büdcəsi kimi qiymətləndirilə bilər” - DEPUTAT
2027-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat, iqtisadi fəaliyyətlə bağlı xərclər üçün isə 8,9 milyard manat vəsait nəzərdə tutulub.
SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, hər iki istiqamət üzrə xərclərin dövlət büdcəsində payı təxminən 21 faiz təşkil edir. Bu göstəricilər təhlükəsizlik və iqtisadi inkişafın bir-birini tamamlayan prioritetlər olduğunu nümayiş etdirir.
Komitə sədri qeyd edib ki, 2026-cı illə müqayisədə müdafiə və təhlükəsizlik xərcləri 99 milyon manat və ya 1,1 faiz, iqtisadi fəaliyyət xərcləri isə 1,1 milyard manat və ya 13,4 faiz azaldılıb.
A.Əmiraslanov vurğulayıb ki, büdcə zərfi dayanıqlı inkişaf və islahatlar prinsiplərinə əsaslanır. Uzunmüddətli inkişaf üçün dayanıqlı iqtisadiyyat, mütərəqqi texnologiyalar, rəqabətqabiliyyətli insan kapitalı və müasir infrastruktur vacib amillərdir.
O, dövlət borcu siyasətinə konservativ yanaşmanın əhəmiyyətinə də toxunub. Bildirib ki, bu yanaşmanın əsas məqsədi gələcək nəsillərin üzərinə əlavə borc yükü qoymamaq, bugünkü inkişafın sabahın imkanlarını məhdudlaşdırmasının qarşısını almaqdır.
Komitə sədri əlavə edib ki, son illərdə dövlət maliyyəsinin idarə olunması sistemində orta müddətli büdcə çərçivəsinin tətbiqinə başlanılıb və büdcə siyasəti yeni keyfiyyət mərhələsinə keçib. Hazırda maliyyə intizamının gücləndirilməsi və fiskal dayanıqlılığın təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Onun sözlərinə görə, büdcə siyasətinin əsas hədəfi maliyyə dayanıqlılığını qorumaqla yanaşı, davamlı iqtisadi inkişafı təmin etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB