“2027-ci ilin dövlət büdcəsinin xərcləri 42,4 milyard manat olacaq” - DEPUTAT

“2027-ci ilin dövlət büdcəsinin xərcləri 42,4 milyard manat olacaq” - DEPUTAT

2027-ci il üçün dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42,4 milyard manat məbləğində proqnozlaşdırılır.

SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 645 milyon manat, xərcləri isə təxminən 696 milyon manat çox olacaq.

Komitə sədri qeyd edib ki, büdcə xərclərinin əsas istiqamətləri arasında iqtisadi artımın dəstəklənməsi, əhalinin sosial müdafiəsinin, xüsusilə həssas qrupların sosial təminatının gücləndirilməsi xüsusi yer tutur.

Onun sözlərinə görə, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, sərhədlərin toxunulmazlığının təmin edilməsi, ordunun müasir təchizatının davam etdirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması da diqqət mərkəzində olacaq.

A.Əmiraslanov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpası və əhalinin doğma yurdlarına qaytarılması istiqamətində tədbirlər davam etdiriləcək. Süni intellekt texnologiyalarının tətbiqi, təmiz enerji mənbələrinin inkişafı və yaşıl artımın təmin olunması da büdcənin əsas prioritetləri sırasındadır.

Komitə sədri bildirib ki, 2027-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunaraq plenar iclasın müzakirəsinə tövsiyə edilib. O, siyasi partiyaların rəhbər və nümayəndələrinin də büdcə müzakirələrinə dəvət olunduğunu, onların fikir və təkliflərini səsləndirmələri üçün şərait yaradıldığını diqqətə çatdırıb.

A.Əmiraslanov müzakirələrin səmərəli keçəcəyinə və səsləndirilən təkliflərin büdcə sənədlərinin qiymətləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə