“Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir” - NAZİR

“Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir” - NAZİR

Dövlət şirkətlərinin fəaliyyətində aparılan islahatlar nəticəsində onların səmərəliliyi artır, büdcəyə dividend daxilolmaları isə genişlənir.

SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.

O bildirib ki, 2020-ci ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti həyata keçirilir.

Nazir qeyd edib ki, holdinq idarəetmə modelinə keçid, Azərbaycan İnvestisiya Holdinqinin və AZCON-un yaradılması, korporativ idarəetmə standartlarının tətbiqi və digər institusional addımlar dövlət şirkətlərinin fəaliyyətində mühüm keyfiyyət dəyişikliklərinə səbəb olub.

M.Cabbarov vurğulayıb ki, həyata keçirilən islahatlar nəticəsində bir sıra dövlət şirkətləri artıq büdcə üçün gəlir mənbəyinə çevrilir. Bu, dövlət müəssisələrinin səmərəli fəaliyyətinin və maliyyə dayanıqlılığının gücləndirilməsinin göstəricisidir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə