“Kənd təsərrüfatına ayrılan vəsait 166 milyon manat artırılıb” - Azər Əmiraslanov

“Kənd təsərrüfatına ayrılan vəsait 166 milyon manat artırılıb” - Azər Əmiraslanov

2027-ci ildə kənd təsərrüfatına ayrılan vəsaitin həcmi 12,5 faiz və ya 166 milyon manat artaraq, təxminən 1 milyard 380 milyon manat təşkil edəcək.

SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, kənd təsərrüfatı nəticə əsaslı büdcə mexanizminin tətbiq edildiyi səkkiz sektordan biridir. Bu baxımdan aqrar sahənin maliyyələşdirilməsinin həmin mexanizmlə daha sıx əlaqələndirilməsi vacibdir.

Komitə sədri qeyd edib ki, 2027-ci ildə kənd təsərrüfatı iqtisadi fəaliyyət xərclərindən sonra ən yüksək artım tempinə malik xərc istiqaməti olacaq.

A.Əmiraslanov vurğulayıb ki, Prezident İlham Əliyev kənd təsərrüfatının Azərbaycan üçün iqtisadi, sosial və təhlükəsizlik məsələsi olduğunu xüsusi qeyd edib. Dövlət dəstəyinin davam etdirilməsi məhsuldarlığın və ixracın artırılması, ərzaq təminatının yaxşılaşdırılması, əhalinin əsas ərzaq məhsulları ilə etibarlı təminatı, eləcə də kənd yerlərində rifahın yüksəldilməsi baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, növbəti illərdə aqrar sahənin maliyyələşdirilməsi nəticə əsaslı büdcə prinsipləri ilə daha sıx uzlaşdırılmalıdır.

Komitə sədri əlavə edib ki, büdcə xərclərinin səmərəliliyinin artırılması zamanı hər bir xərc istiqamətinin iqtisadi artıma, məşğulluğa və özəl sektora təsiri nəzərə alınmalıdır. Çünki bəzi xərclərin azaldılması qısa müddətdə qənaət yaratsa da, uzunmüddətli perspektivdə iqtisadi itkilərə səbəb ola bilər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə