“Azərbaycanın strateji valyuta ehtiyatları 88,6 milyard dollara çatıb” - Taleh Kazımov
2026-cı ilin 10 ayının nəticələrinə əsasən Azərbaycanın strateji valyuta ehtiyatları 4,1 faiz artaraq 88,6 milyard ABŞ dollarına yüksəlib.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.
O bildirib ki, qlobal iqtisadi qeyri-müəyyənliklərə və geosiyasi çağırışlara baxmayaraq, 2026-cı ilin ötən dövründə Azərbaycanda iqtisadi inkişaf davam edib, makroiqtisadi sabitlik qorunub və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilib.
Mərkəzi Bankın sədri qeyd edib ki, oktyabr ayının nəticələrinə əsasən illik inflyasiya 5,2 faiz təşkil edib. Mərkəzi Bankın proqnozlarına görə, 2027–2028-ci illərdə orta illik inflyasiyanın 5,3 faiz səviyyəsində olacağı gözlənilir.
Onun sözlərinə görə, 2026-cı ilin 10 ayında iqtisadi artım 1,7 faiz, qeyri-neft-qaz sektorunda artım isə 2,9 faiz olub. Mərkəzi Bankın proqnozlarına əsasən, 2027-ci ilin sonunda ümumi daxili məhsulun 2,3 faiz, qeyri-neft-qaz sektorunun isə 4,3 faiz artacağı gözlənilir.
T.Kazımov vurğulayıb ki, xarici ticarət balansının profisiti 9 ayın nəticələrinə görə 10,5 milyard ABŞ dolları, cari əməliyyatlar balansının profisiti isə 6 ay ərzində 4,7 milyard dollar təşkil edib. Bu, ümumi daxili məhsulun 12,4 faizinə bərabərdir.
O əlavə edib ki, valyuta ehtiyatları 40 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayət edir, geniş pul kütləsini 3,3 dəfə, birbaşa xarici dövlət borcunu isə 20 dəfə üstələyir. Eyni zamanda, Mərkəzi Bankın ehtiyatları 10 ayda 34 faiz artaraq 15,4 milyard ABŞ dollarına çatıb.
Mərkəzi Bankın sədri bildirib ki, bank sektorunda da müsbət dinamika müşahidə olunur. İlin əvvəlindən bank sektorunun izafi likvidliyi 2,2 dəfə artıb, kredit portfeli 14 faiz, biznes kreditləri 17,1 faiz yüksəlib. Fiziki şəxslərin əmanətləri isə 10 ayda 14,6 faiz artıb.
O, həmçinin qeyd edib ki, sığorta bazarında 9 ayın nəticələrinə görə sığorta haqları 8 faiz, ödənişlər isə 29 faiz artıb. Qiymətli kağızlar bazarının dövriyyəsi 35 milyard manata çatıb, səhm bazarının dövriyyəsi isə 10 ayda 2,6 milyard manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB