Azərbaycanda rəqəmsal transformasiya, innovasiya, insan kapitalının inkişafı və əmək bazarının müasir tələblərə uyğunlaşdırılması məşğulluq siyasətinin əsas istiqamətlərindəndir. Bu sahələrdə həyata keçirilən tədbirlər yeni iş imkanlarının yaradılmasına, peşə bacarıqlarının artırılmasına və iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edir.
SİA xəbər verir ki, noyabrın 16-da “Gülüstan” Sarayında Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə Milli Məşğulluq Forumu keçirilib.
Forumda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiyaların tətbiqi və müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. O, Rəqəmsal İnkişaf Konsepsiyası, 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası və 2026–2028-ci illər üzrə fəaliyyət planının bu istiqamətdə mühüm strateji çərçivə yaratdığını bildirib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev isə çıxışında süni intellekt və müasir texnologiyaların əmək bazarına təsirlərindən danışıb. O qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatının 2025-ci il qiymətləndirməsinə əsasən, dünyada hər dörd iş yerindən biri süni intellektin müəyyən təsirinə məruz qala bilər. Bu dəyişikliklər işçilərin bilik və bacarıqlarının mütəmadi yenilənməsini zəruri edir.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev aqrar sektorun ölkənin iqtisadi inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında və regionlarda məşğulluğun artırılmasında roluna diqqət çəkib. O bildirib ki, ölkədə məşğul əhalinin 35 faizdən çoxu kənd təsərrüfatı sektorunun payına düşür.
Forum çərçivəsində rəqəmsal transformasiya, süni intellektin əmək bazarına təsiri, insan kapitalının inkişafı, peşə bacarıqlarının təkmilləşdirilməsi və dayanıqlı məşğulluq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir panel sessiyalarla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB