"Tolerantlıq Azərbaycan xalqının etno-mədəni kimliyindən qaynaqlanan ali dəyərdir" - SİYASİ ŞƏRHÇİ
"Tolerantlıq, bəlkə də, bir xalqın malik olduğu ən yüksək keyfiyyətdir. Qənaətimcə, tolerantlıq etno-mədəni kimlikdən qaynaqlanır".
Bu sözləri SİA-ya açıqlamasında Politoloq Xaqani Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının vahid etnos kimi formalaşması prosesi elə tarixi mərhələlərdən keçib ki, nəticədə tolerantlığı təmin edən etno-mədəni kimlik yaranıb:
"Bir çox xalqlar var ki, onların etno-mədəni kimliyini təşkil edən dəyərlər tolerantlığa imkan vermir. Belə xalqlar heç vaxt üstün mədəniyyət yarada bilməzlər. Azərbaycan xalqının müsəlman coğrafiyasında üstün mədəniyyət nümunələrini ilk yaradan toplum olması da tolerantlığı təmin edən etno-mədəni kimlikdən qaynaqlanır. Əks halda, Üzeyir Hacıbəylinin ölməz operaları yarana, qadınlara seçki hüququ verən Cümhuriyyət qurula, müsəlman Şərqində ilk çağdaş teatr Azərbaycanda meydana gələ bilməzdi.
Azərbaycanın beynəlxalq aləmdə tolerantlıq və multikulturalizm ənənələrinə malik ölkə kimi tanınması, bu istiqamətdə həyata keçirilən siyasət çox doğrudur və bütövlükdə ölkənin beynəlxalq nüfuzunu artırır. Ancaq bu, elə bir işdir ki, daim davam etdirilməlidir.
Qənaətimcə, əcnəbi mütəxəssislərin iştirakı ilə Azərbaycanda tolerantlığı təmin edən etno-mədəni kimliyin formalaşmasına həsr olunmuş çoxsaylı elmi konfranslar keçirilməli, sənədli filmlər çəkilməlidir. Bu, dünya xalqlarında Azərbaycanla bağlı daha dolğun təsəvvürün yaranmasına, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin və nüfuzunun daha da artmasına imkan verər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB