“Şagirdlərimiz sərgiyə böyük həvəs və yaradıcı ideyalarla qoşuldular” - AYBƏNİZ ŞAHVƏLƏDOVA

“Şagirdlərimiz sərgiyə böyük həvəs və yaradıcı ideyalarla qoşuldular” - AYBƏNİZ ŞAHVƏLƏDOVA

Şagirdlərimiz sərgiyə böyük həvəs və yaradıcı ideyalarla qoşuldular.

Bu gün Azərbaycan Dövlət Kukla Teatrında Xətai rayon 1 nömrəli Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin şagirdlərinin əl işlərindən ibarət 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgisinin açılışı keçirilir.

Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvü, rəssam-pedaqoq, 1 nömrəli Uşaq İncəsənət Məktəbinin rəsm müəllimi Aybəniz Şahvələdova SİA-ya açıqlamasında sərginin təşkili və şagirdlərin yaradıcılıq işləri barədə danışıb.

O bildirib ki, sərgidə birinci və dördüncü siniflərin, eləcə də bu il məzun olacaq şagirdlərin əl işləri nümayiş olunur:

“Uşaqlarımızın vətənpərvərlik ruhunu, Vətənə sevgisini və milli dəyərlərə bağlılığını əks etdirmək məqsədilə bu sərgini təşkil etməyi qərara aldıq. Şagirdlərimiz müxtəlif texnikalardan istifadə edərək əsərlər hazırlayıblar. Burada sulu boya, quaş və kətan üzərində işlənmiş rəsmlər var. Əsərlərdə Səbailin, Qarabağın gözəllikləri, Azərbaycan bayrağı və Vətən mövzusu öz əksini tapıb.

Şagirdlərlə bu sərgi haqqında ilk dəfə söhbət açanda, inanın ki, onlar böyük həvəs və enerji ilə bu təşəbbüsə qoşuldular. Hər biri öz eskizi, ideyası və təklifi ilə çıxış etdi. Bir-birimizə dəstək olaraq bu sərgini təşkil etməyə qərar verdik.

Düşünürəm ki, qısa müddət ərzində genişürəkli komandamla birlikdə çox gözəl nəticə əldə etdik. Hər kəsi sərgimizə dəvət edir, xoş gəlmisiniz deyirəm. Bu gün bizim Zəfər Günümüzü, Qələbəmizi qeyd edirik.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə