Laçın şəhərinə aid memarlıq layihəsi “Qızıl Trezzini” mükafatına layiq görülüb
Azərbaycan memarı Xuraman Seyidovanın layihələri Sankt-Peterburqdakı Ermitaj Teatrında keçirilən mərasimdə “Qızıl Trezzini” IX beynəlxalq memarlıq və dizayn mükafatına layiq görülüb.
SİA xəbər verir ki, münsiflər heyəti “Villa Abşeron”, “Batterfly” Gözəllik Mərkəzi və Laçın Şəhər İnzibati Kompleksi layihələrini qiymətləndirib. Onlar “Ən yaxşı ictimai bina layihəsi” və “Ən yaxşı şəxsi ev layihəsi” nominasiyalarında təqdim olunub.
Sankt-Peterburqda işgüzar səfərdə olan Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev mükafatın Təşkilat Komitəsi adından diplomları Azərbaycan memarına təqdim edib.
Mərasimdə çıxış edən diplomat qeyd edib ki, memarlıq təkcə məkan yaratmaq sənəti deyil, həm də mədəni irsin qorunması və müxtəlif ölkələrdən olan insanları birləşdirmək üçün vacib vasitədir. Səfir 2025-ci ildə “MDB-nin Mədəniyyət Paytaxtı” elan olunmuş və işğaldan azad edilmiş Qarabağın ən gözəl şəhərlərindən biri Laçının İnzibati Kompleksinin dizaynının münsiflər heyətinin fəxri diplomuna layiq görülməsindən xüsusi məmnunluğunu ifadə edib.
Mərasimdə mükafatın Təşkilat Komitəsi, həmçinin 2027-ci ildə Azərbaycan memarlıq və bərpa layihələrini beynəlxalq müsabiqədə daha fəal şəkildə təşviq etmək məqsədilə azərbaycanlı həmkarları ilə əməkdaşlığı genişləndirmək qərarını açıqlayıb.
“Qızıl Trezzini” mükafatının doqquzuncu buraxılışında münsiflər heyəti tərəfindən nəzərdən keçirilməsi üçün 49 ölkədən 1520 layihə təqdim edilib. Azərbaycan nümayəndələri də diplomantlar arasında olublar.
2018-ci ildə Dünya Peterburqlular Klubu tərəfindən təsis edilən “Qızıl Trezzini” dünyada yeganə memarlıq və dizayn mükafatıdır ki, burada qalib gələn layihələr Dövlət Ermitaj Muzeyinin kolleksiyasına daxil edilir.
Mərasimdə Rusiyanın aparıcı memarları, dizaynerləri, bərpaçıları, muzey və incəsənət icmalarının nümayəndələri, diplomatik korpus, habelə müxtəlif ölkələrdən gələn fəxri qonaqlar iştirak ediblər. İştirakçılar arasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə də var idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB