"Yeni Azərbaycan Partiyası müasir dövrün çağırışlarına uyğun inkişaf edir" - DEPUTAT DANIŞDI
"1990-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, dövlət müstəqilliyinin ciddi təhlükələrlə üzləşməsi və ölkənin dərin böhran şəraitində olması xalqın taleyinə biganə qalmayan ziyalıları və vətənpərvər insanları yeni siyasi qüvvənin yaradılması zərurəti ətrafında birləşdirmiş, bu təşəbbüsün əsas ideya və təşkilatçılıq dayağı isə xalqın böyük etimad göstərdiyi, zəngin dövlətçilik təcrübəsinə malik Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyi olmuşdur".
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.

Millət vəkili qeyd edib ki, məhz bu tarixi zərurətdən irəli gələrək, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Azərbaycanın bütün bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçilmiş və bununla da ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin əsası qoyulmuşdur.
Yeni Azərbaycan Partiyasının 2005-ci il martın 26-da keçirilmiş III qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davamlılığının təmin olunması, onun zəngin dövlətçilik irsinin yeni dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilməsi və Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm tarixi hadisə olmuşdur.
2026-cı il oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla, partiyanın qarşıdakı dövr üçün fəaliyyət prioritetlərinin, strateji hədəflərinin və təşkilati inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev proqram xarakterli nitqində ölkəmizin müasir inkişaf mərhələsinin əsas xüsusiyyətlərini təhlil etmiş, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri və qarşıda duran strateji vəzifələri diqqətə çatdırmış, dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, sosial-iqtisadi inkişafın davam etdirilməsi, beynəlxalq mövqelərin daha da gücləndirilməsi və yeni geosiyasi reallıqlara uyğun siyasətin həyata keçirilməsi istiqamətində mühüm mesajlar vermişdir.
Qurultayın gündəliyində partiyanın təşkilati strukturunun təkmilləşdirilməsi, idarəetmə mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri də mühüm yer tutmuş, bu çərçivədə Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə dəyişikliklər təsdiq edilmiş, İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibləri müəyyənləşdirilmiş, müvafiq orqanların yeni üzvləri seçilmişdir. Qəbul edilən qərarlar partiyanın institusional potensialının gücləndirilməsi, struktur bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, siyasi proseslərdə iştirakının genişləndirilməsi, gənclərlə işin daha sistemli təşkili və cəmiyyətlə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli təşkilati addımlar kimi qiymətləndirilir.
Ümumilikdə, Yeni Azərbaycan Partiyasının VIII qurultayı Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun davam etdirilməsi, partiyanın qarşısında duran yeni vəzifələrin müəyyənləşdirilməsi və ölkənin gələcək inkişaf prioritetlərinin siyasi baxımdan dəstəklənməsi istiqamətində mühüm mərhələ olmuşdur. Qurultayda müəyyənləşdirilən strateji hədəflər Azərbaycanın dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsinə, milli həmrəyliyin və siyasi sabitliyin qorunmasına, həyata keçirilən islahatların davamlılığının təmin edilməsinə, partiyanın təşkilati və siyasi fəaliyyətinin yeni keyfiyyət mərhələsinə yüksəldilməsinə xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB