“Azərbaycanın reytinqdə irəliləməsi rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək” -EKSPERT AÇIQLADI

“Azərbaycanın reytinqdə irəliləməsi rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək” -EKSPERT AÇIQLADI

Azərbaycanın” BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində əldə etdiyi nəticə ölkəmizin rəqəmsal transformasiya istiqamətində son illərdə keçdiyi yolun beynəlxalq səviyyədə qiymətləndirilməsidir”.
Bu fikirləri rəqəmsal texnologiyalar və sosial media üzrə mütəxəssis İntiqam Əhmədov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, xüsusilə diqqətçəkən məqam onlayn dövlət xidmətləri indeksində Azərbaycanın 67-ci yerdən 11-ci yerə yüksəlməsidir:

”ABŞ, Böyük Britaniya və Kanada kimi inkişaf etmiş ölkələrin bu göstəricidə geridə qalması Azərbaycanın rəqəmsal dövlət xidmətlərinin inkişafında ciddi irəliləyiş əldə etdiyini göstərir.

Bu nəticənin arxasında, ilk növbədə, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, müxtəlif qurumların elektron sistemlərinin inteqrasiyası və vətəndaşların xidmətlərə daha rahat çıxışının təmin edilməsi dayanır. Xüsusilə mygov platforması, rəqəmsal sənəd dövriyyəsi və dövlət qurumları arasında məlumat mübadiləsinin genişləndirilməsi bu prosesin mühüm elementləridir.

Digər tərəfdən, rəqəmsal transformasiyanı yalnız elektron xidmətlərin istifadəyə verilməsi kimi qiymətləndirmək düzgün olmazdı. Əsas məsələ həmin xidmətlərin vətəndaşın gündəlik həyatını nə dərəcədə asanlaşdırması, vaxta qənaət etməsi, bürokratik prosedurları azaltması və xidmət keyfiyyətini yüksəltməsidir.

Bununla yanaşı, əldə olunan nəticəni son hədəf kimi deyil, növbəti inkişaf mərhələsi üçün stimul kimi qəbul etmək lazımdır. Çünki rəqəmsal inkişaf dinamik prosesdir. Süni intellektin dövlət idarəçiliyinə tətbiqi, kibertəhlükəsizlik, fərdi məlumatların qorunması, rəqəmsal savadlılığın artırılması və bütün vətəndaşlar üçün bərabər rəqəmsal imkanların yaradılması qarşıdakı əsas istiqamətlərdən olmalıdır.

Mən hesab edirəm ki, Azərbaycanın bu reytinqdə irəliləməsi ölkənin rəqəmsal iqtisadiyyatının inkişafı və beynəlxalq rəqabət qabiliyyətinin artırılması baxımından da əhəmiyyətlidir. Əsas hədəf isə beynəlxalq reytinqlərdə mövqeyimizi qorumaqla yanaşı, bu nailiyyəti hər bir vətəndaşın gündəlik həyatında hiss olunan real nəticəyə çevirməkdir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə