"Ermənistanda sülh imzalanmayacağı təqdirdə müstəqil siyasət yürütmək qeyri-mümkün olacaq" - ŞƏRH

"Ermənistanda sülh imzalanmayacağı təqdirdə müstəqil siyasət yürütmək qeyri-mümkün olacaq" - ŞƏRH

"Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün əsas maneə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Azərbaycan tələb edir ki, Ermənistan Konstitusiya dəyişikliyinə getsin və ərazi iddialarını rəsmən aradan qaldırsın. Paşinyan başda olmaqla, Ermənistan rəhbərliyi bu istiqamətdə pozitiv açıqlamalar versə də, indiyədək konkret addım atılmadığı üçün proses uzanıb"

Bu sözləri SİA-ya açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Onun sözlərinə görə, Ermənistanda keçirilən son parlament seçkilərində hakim partiyanın konstitusion çoxluq əldə edə bilməməsi müəyyən suallar yaratdı:

"Halbuki Ermənistanda seçkilərin şəffaf keçirilmədiyi hər kəsə bəllidir. Belə olan halda, Paşinyan daha yüksək faizlə qələbəsini elan edə bilərdi. Amma bu baş vermədi. Yəni bununla Ermənistan hökuməti referendumun keçirilməsinin əlverişli olmayacağı görüntüsünü yaratmaq üçün əks-arqumentlər formalaşdırdı.

Paşinyanın bazar ertəsi yeni Konstitusiya mətnini elan edəcəyini açıqlaması bu istiqamətdə məsələnin həll olunduğu anlamına gəlmir. Ondan sonrakı proseslər və erməni cəmiyyətinin reaksiyası real mənzərəni ortaya qoyacaq.

Əlbəttə, Ermənistanda başa düşürlər ki, sülh imzalanmayacağı təqdirdə, müstəqil siyasət yürütmək qeyri-mümkün olacaq. Nəticədə Ermənistan inkişafdan qalmaqla yanaşı, onun mövcudluğu da sual altına düşəcək. Ona görə də Ermənistanın Konstitusiya dəyişikliyinə getməsi ilk növbədə elə Ermənistan dövlətçiliyi üçün vacibdir.

Əlbəttə, sülh bölgədə sabitlik və rifahın bərqərar olması üçün zəruridir. Ona görə də düşünürəm ki, İrəvanın bu addımı atması yekun sülh sazişinin imzalanması üçün real zəmin yaradacaq".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə