“YAP-ın uğurlu fəaliyyəti Ulu Öndərin siyasi kursunun davamıdır” - MİLLƏT VƏKİLİ

“YAP-ın uğurlu fəaliyyəti Ulu Öndərin siyasi kursunun davamıdır” - MİLLƏT VƏKİLİ

“Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycan tarixində mühüm siyasi hadisə, dövlətçilik tariximizin isə əlamətdar səhifələrindən biridir. Məhz həmin gün ölkəmizin siyasi həyatında yeni mərhələnin əsası qoyulmuşdur”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi, ölkədə siyasi və iqtisadi böhranın dərinləşdiyi, dövlətçiliyimizin gələcəyinin sual altında olduğu mürəkkəb tarixi şəraitdə yaranmışdır:

”Belə bir zamanda ölkənin tanınmış ziyalıları, nüfuzlu ictimai xadimləri və vətənini düşünən insanlar xalqın böyük etimad göstərdiyi Ümummilli Lider Heydər Əliyevin ətrafında birləşərək yeni siyasi qüvvənin yaradılması təşəbbüsü ilə çıxış etdilər.

“91-lər”in 1992-ci il oktyabrın 16-da SƏS qəzeti vasitəsilə Ulu Öndərə ünvanladığı müraciət xalqın arzu və gözləntilərinin, güclü dövlətçilik və sabitlik istəyinin ifadəsi idi.

Heydər Əliyevin bu müraciətə verdiyi müsbət cavab və partiyanın yaradılmasına razılıq verməsi Azərbaycanın gələcək inkişafı baxımından tarixi əhəmiyyət daşıyırdı. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında ölkənin bütün bölgələrini təmsil edən 550 nəfər nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, partiyanın Nizamnaməsi və Proqramı təsdiqləndi. Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, xalqın siyasi iradəsini və milli maraqlarını ifadə edən yeni siyasi qüvvə yarandı.

Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqın dəstəyini qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Partiyanın yaranması və siyasi mübarizəsi Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkədə sabitliyin təmin olunması baxımından müstəsna əhəmiyyətə malik oldu.

Bu gün Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsinin bariz nümunəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, iqtisadi və siyasi qüdrətini artırıb, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Ölkəmizin əldə etdiyi tarixi Zəfər milli həmrəyliyin, güclü dövlətçiliyin və ardıcıl siyasi kursun təntənəsidir.

2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qurultayda cənab Prezident İlham Əliyevin müəyyən etdiyi yeni strateji hədəflər, partiyanın qarşısında duran vəzifələr və təşkilati məsələlərlə bağlı qəbul edilən qərarlar YAP-ın gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi yeni geosiyasi şəraitdə partiyanın üzərinə düşən məsuliyyət daha da artır.

Bu gün 769 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, həm də milli maraqlar, dövlətçilik ideyası və ümumxalq həmrəyliyi ətrafında formalaşmış böyük ictimai-siyasi qüvvədir. Partiyanın sıralarında təmsil olunan hər bir üzv üçün vətənə sədaqət, dövlətçiliyə bağlılıq, milli maraqların qorunması və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək əsas fəaliyyət prinsipləridir.

Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə sadiq qalaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da güclənməsi, davamlı inkişafı və yeni hədəflərə çatması naminə öz üzərinə düşən tarixi missiyanı uğurla yerinə yetirəcək.

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümü münasibətilə bütün partiya üzvlərini təbrik edir, ölkəmizin tərəqqisi və dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə fəaliyyətlərində uğurlar arzulayıram”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə