“Süni intellektdən həddindən artıq istifadə insanların düşünmə və yaradıcılıq qabiliyyətinə mənfi təsir göstərir” - PSİXOLOQ

“Süni intellektdən həddindən artıq istifadə insanların düşünmə və yaradıcılıq qabiliyyətinə mənfi təsir göstərir” - PSİXOLOQ

"Süni intellekt müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin ondan həddindən artıq istifadə insanların düşünmə, diqqət və yaddaş qabiliyyətinə, eləcə də yaradıcılıq potensialına mənfi təsir göstərə bilər".

Psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, bütün işləri süni intellekt vasitəsilə həll etməyə çalışmaq insanlarda tənbəlliyə və hazır materiallardan asılılığa səbəb ola bilər:

"Süni intellektdən həddindən artıq çox istifadə etmək, demək olar ki, insanların düşünmə qabiliyyətinə, diqqətinə və yaradıcılıq potensialına mənfi təsir göstərir. Həmçinin, onların yaradıcı gücünü zəiflədir.

Əlbəttə ki, süni intellekt müasir dövrdə həyatımızın ayrılmaz bir hissəsidir. Amma hər şeyi süni intellekt üzərində qurmaq, düşünmədən bütün işləri onun vasitəsilə həll etmək insanların həm yaradıcılıq, həm düşünmə, həm yaddaş, həm də diqqət qabiliyyətinə mənfi təsir göstərir. Beləliklə, insanlar artıq tənbəlləşir, hazır materiallara üz tuturlar.

Bəzi işlərdə, əlbəttə ki, süni intellekt lazımdır. Çünki ondan istifadə etməklə insanlar bir çox məlumatı daha tez əldə edir və həmin məlumatlar üzərində işləyə bilirlər. Amma düşünürəm ki, burada əsas məsələ yaradıcı gücümüzü itirmədən, yaradıcılığımızı qoruyaraq süni intellektdən digər məsələlərdə dəstək vasitəsi kimi istifadə etməkdir.

Yəni süni intellekti problemləri həll edən yeganə vasitəyə çevirməməliyik. Yalnız onunla problemləri həll etməyə çalışmamalı, yalnız onun vasitəsilə dərs oxumamalı və özümüz üçün hazır stereotiplər formalaşdırmamalıyıq".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə