"İnsanların mərhəmət hissi istismar vasitəsinə çevrilməməlidir" - SOSİOLOQ DANIŞDI
"Tarix boyu müxtəlif cəmiyyətlərdə insanların maddi durumu və iqtisadi vəziyyəti eyni olmayıb. Hər zaman sosial və maddi ehtiyac içində yaşayan insanlar mövcud olub. Hətta Avropanın inkişaf etmiş ölkələrində belə bu kateqoriyadan olan insanlara rast gəlmək mümkündür".
Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
.jpg)
Ekspert sözlərinə belə davam edib:
"Bizim cəmiyyətimizdə də ciddi maddi ehtiyac içində yaşayan vətəndaşlar var. Bəziləri hətta küçələrdə və yol kənarlarında dilənçiliklə məşğul olurlar. Lakin burada bir məqamı xüsusilə fərqləndirmək lazımdır: dilənçilik edənlərin heç də hamısı bunu ehtiyac üzündən etmir. Bəzi şəxslər üçün dilənçilik artıq gəlir mənbəyinə, hətta daimi fəaliyyətə çevrilib. Onların gündəlik 100-200 manat, bəzən isə daha çox pul topladığı iddia olunur. Bu isə ay ərzində kifayət qədər böyük məbləğ deməkdir. Belə şəxslər üçün dilənçilik rahat qazanc üsuluna çevrildiyindən, onlar bu fəaliyyətdən imtina etmək istəmirlər.
Əsl ehtiyac sahiblərini isə fərqləndirmək lazımdır. Küçələrdə əlilliyi, fiziki məhdudiyyətləri olan, həqiqətən də sosial müdafiəyə ehtiyacı olan insanlarla rastlaşırıq. Onların vəziyyətinə biganə qalmaq olmaz.
Amma müasir dövrdə dilənçiliyin daha fərqli, rəqəmsal forması da yaranıb. Mən bunu şərti olaraq “modern dilənçilik” adlandırardım.
Belə şəxslər sosial şəbəkələrdə müxtəlif saxta profillər və səhifələr yaradır, xəstə uşaqların və ağır vəziyyətdə olan insanların şəkillərini paylaşaraq insanlara fərdi müraciətlər edirlər. Qarşı tərəfin mərhəmət hissindən və emosiyalarından istifadə edərək onları manipulyasiya edirlər. Çox vaxt kiçik məbləğlər istəyirlər ki, insanlar bu məbləği ödəməkdən imtina etməsinlər.
Onlar gün ərzində yüzlərlə insana müraciət edir və nəticədə müəyyən müddətdən sonra bank kartlarında kifayət qədər ciddi vəsait toplanır. Bu zaman qarşımızda artıq sadəcə dilənçilik deyil, dələduzluq və insanların mərhəmət hissinin istismarı problemi dayanır.
Hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyinin müvafiq qurumları bu cür kiberdələduzluq halları ilə mübarizə aparırlar. Rəqəmsal texnologiyalar inkişaf etdikcə, təəssüf ki, cinayətkarlığın da yeni formaları meydana çıxır. Bəzi hallarda bu fəaliyyətlərin xaricdən idarə olunması ehtimalı da mövcuddur.
DİN və DTX tərəfindən kibercinayətkarlığa qarşı müxtəlif tədbirlər həyata keçirilir, çoxsaylı cinayət faktları aşkarlanır. Lakin düşünürəm ki, bu mübarizədə yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti kifayət deyil. Vətəndaşların da rəqəmsal savadlılığı və ayıqlığı vacibdir.
İnsanlarımız hadisə baş verdikdən sonra deyil, ondan əvvəl ehtiyatlı davranmalıdırlar. Sosial şəbəkələrdə tanımadıqları şəxslərin paylaşdığı xəstəlik və yardım elanlarına dərhal inanmasınlar. Tanımadıqları insanların bank kartlarına araşdırma aparmadan pul köçürməsinlər. Yardım etmək istəyirlərsə, ilk növbədə həmin şəxsin kimliyini, xəstəliyini, ailə vəziyyətini və yardım kampaniyasının həqiqiliyini araşdırsınlar.
Digər bir kateqoriya isə sosial şəbəkələr vasitəsilə müəyyən nüfuz və populyarlıq qazanmış şəxslərdir. Onlar ehtiyac içində olan ailələri müəyyən edir, həmin ailələrin vəziyyətini ictimailəşdirir və izləyicilərindən yardım toplayırlar. Bəzən toplanan vəsaitin bir hissəsi və ya əvvəlcədən razılaşdırılmış məbləğ yardım kampaniyasını təşkil edən şəxsin xidmət haqqı kimi saxlanıla bilər.
Burada əsas məsələ şəffaflıqdır. Əgər şəxs öz nüfuzundan və auditoriyasından istifadə edərək xeyriyyəçilik kampaniyası təşkil edirsə, toplanan vəsaitin həcmi, xərclənmə istiqaməti və yardım alan şəxslərə çatdırılan məbləğ açıq şəkildə göstərilməlidir. Əks halda, xeyriyyəçilik adı altında insanların etimadından sui-istifadə edilməsi riski yaranır.
Təəssüf ki, bəzən sosial şəbəkələrdə müəyyən populyarlıq qazanmış şəxslər bir müddət sonra özləri də bu fəaliyyəti şəxsi qazanc mənbəyinə çevirirlər. İnsanların mərhəmətindən və etibarından istifadə edərək külli miqdarda vəsait toplayır, hətta bu pullar hesabına ev, avtomobil və digər bahalı əmlak əldə edirlər.
Burada cəmiyyətin də müəyyən məsuliyyəti var. İnsanlar hər sosial şəbəkə istifadəçisinin paylaşdığı bank kartına pul köçürməməli, hər yardım çağırışına düşünmədən reaksiya verməməlidirlər. Yardım etmək istəyiriksə, ilk növbədə həmin şəxsin həqiqətən ehtiyac sahibi olub-olmadığını və toplanan pulların hansı məqsədlə istifadə edildiyini araşdırmalıyıq. Mərhəmətli olmaqla yanaşı, ayıq-sayıq olmaq da vacibdir.
Mən hesab edirəm ki, bu sahədə həm maarifləndirmə, həm də hüquqi nəzarət gücləndirilməlidir. İnsanların mərhəmət hissi istismar vasitəsinə çevrilməməlidir. Çünki həqiqi ehtiyac sahibinə yardım etmək nə qədər savab və humanist davranışdırsa, insanların bu mərhəmətindən istifadə edərək şəxsi qazanc əldə etmək də bir o qədər yolverilməzdir.
Hüquqi baxımdan da burada fərqli halları bir-birindən ayırmaq lazımdır. Saxta yardım kampaniyaları, toplanmış vəsaitin mənimsənilməsi və insanları dilənçiliyə məcbur etmə eyni hüquqi hadisələr deyil. Bunlar faktlardan asılı olaraq dələduzluq, mənimsəmə və ya insan alveri ilə bağlı hüquqi məsuliyyət yarada bilər. Hər bir hal ayrıca araşdırılmalı və hüquqi qiymət almalıdır.
Unutmamalıyıq ki, xeyriyyəçilik insanların mərhəmətindən qazanc əldə etmək vasitəsi deyil. Xeyriyyəçilik etimad, vicdan və şəffaflıq üzərində qurulmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB