Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İQTİSADÇI AÇIQLADI

Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İQTİSADÇI AÇIQLADI

Azərbaycanda siqaretin qiymətinin yenidən artması ehtimalı gündəmdədir. Belə ki, 13 noyabr 2026-cı il tarixli qərarla idxal olunan siqaret, siqar və siqarillalara tətbiq edilən gömrük rüsumunun 2030-cu ilin sonunadək 15 faiz, lakin hər 1000 ədəd üçün 3 ABŞ dollarından az olmaması müəyyən edilib. Bundan əlavə, aksiz vergiləri, idxal və istehsal xərcləri də qiymətlərin formalaşmasına təsir göstərən amillərdir.

Bəs, Azərbaycanda siqaretin qiymətinin yenidən artacağı gözləntiləri hansı iqtisadi amillərlə bağlıdır? Aksiz vergilərinin artırılması, idxal xərcləri və istehsal maya dəyəri qiymətlərə nə dərəcədə təsir göstərir? Siqaretin davamlı bahalaşması istehlakçıların alış vərdişlərini dəyişə, qanunsuz və qaçaqmal məhsulların bazar payını artıra bilərmi? Eyni zamanda, qiymət artımının dövlət büdcəsinə və tütün bazarına təsiri necə olacaq?

Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli SİA-ya açıqlamasında bildirib ki, aksiz vergisi dolayı vergi növüdür və ƏDV-dən fərqli olaraq bütün məhsullara deyil, müəyyən istehlak mallarına tətbiq edilir:

"Məsələn, siqaret, tütün məmulatları, spirtli içkilər və benzin bu məhsullar sırasındadır. Eşitdiyimə görə, sərinləşdirici və şirəli içkilərə də ilk dəfə aksiz vergisinin tətbiqi nəzərdə tutulur. Aksiz vergisinin artırılmasının iki əsas məqsədi var. Birincisi, dövlət büdcəsinə əlavə vəsait toplamaqdır. Vergilərin, o cümlədən aksizlərin tətbiqində əsas məqsədlərdən biri büdcə gəlirlərini artırmaqdır. İkinci məqsəd isə istehlakını azaltmaq istədikləri məhsulların qiymətini yüksəltməklə onlara tələbatı aşağı salmaqdır. Çünki vergi və tariflərin artırılması məhsulun qiymətinə təsir göstərir. Aksiz vergisi hansı məhsula tətbiq ediləcəksə, həmin məhsulun qiymətində də artım gözlənilir. Bu, sərinləşdirici içkilərə, şirəli içkilərə, çipsilərə və digər məhsullara da aiddir.

Ümumiyyətlə, qiymət artdıqda istehlakın azalacağı gözlənilir. Lakin siqaret digər məhsullardan fərqlənir. Çünki siqaret nikotin səbəbindən asılılıq yaradır. Bu baxımdan siqaret, narkotik vasitələr, qumar və spirtli içkilər kimi asılılıq yaradan vərdişlər sırasında qiymət artımına qarşı istehlakçıların reaksiyası fərqli ola bilər. Məsələn, gül bahalaşdıqda insan onu almaqdan imtina edə bilər. Ancaq siqaret asılılıq yaratdığı üçün qiymətin artması istehlakın azalmasına eyni dərəcədə təsir göstərmir.

Digər tərəfdən, aksiz vergisinin hansı siqaret növlərinə tətbiq ediləcəyi dəqiqləşdirilməlidir. Çünki tütün məmulatlarının müxtəlif formaları var: adi siqaretlər, bükmə tütün, elektron siqaretlər və maye formasında olan məhsullar. Bu səbəbdən artımın konkret hansı məhsulları əhatə edəcəyinə dair rəsmi məlumatlara baxmaq lazımdır.

Ümumi yanaşma ondan ibarətdir ki, qiymət artımı istehlakı müəyyən qədər azalda bilər. Lakin bütün məhsulların qiyməti eyni vaxtda yüksəldikdə alıcılar yeni qiymətlərə uyğunlaşaraq alışlarını davam etdirə bilərlər. Siqaretə gəldikdə isə asılılıq amili qiymət artımının istehlaka təsirini daha da məhdudlaşdıra bilər. Nəticədə bu prosesdən əsas faydanı dövlət büdcəsi əldə edə bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə