"Azərbaycan və Ermənistan arasında praktiki iqtisadi təmaslar genişlənir" - POLİTOLOQ DANIŞDI
"Azərbaycan-Ermənistan münasibətlərində son dövrdə müşahidə olunan proseslər sülh gündəliyinin artıq siyasi bəyanatlardan praktiki əməkdaşlıq mərhələsinə keçdiyini göstərir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Dublində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bilirik ki, görüşdə sülh prosesinin irəlilədilməsi, sərhədlərin delimitasiyası, iqtisadi-ticarət əlaqələri və nəqliyyat-kommunikasiya xətlərinin inkişafı məsələlərini müzakirə ediblər. Xüsusilə TRIPP layihəsinin dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsi üzrə görülən işlərin müzakirəsi diqqət çəkir ki, bu da əslində təbiidir. Çünki, TRIPP layihəsi Cənubi Qafqazın geoiqtisadi mənzərəsini dəyişmək potensialına malik təşəbbüslərdən biridir. ABŞ-ın iştirakı ilə formalaşdırılan bu marşrut Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirməklə yanaşı, Türkiyə və Avropa istiqamətində əlavə nəqliyyat imkanları yaradacaq. Eyni zamanda, Ermənistan üçün də uzun illər davam edən regional iqtisadi təcriddən çıxmaq, Türkiyə və Azərbaycanla nəqliyyat əlaqələrini bərpa etmək baxımından yeni imkanlar açacaq.:
"Prosesin diqqətçəkən tərəflərindən biri də artıq praktiki iqtisadi təmasların genişlənməsidir. Dublindəki görüşdə qeyd olundu ki, 2025-ci ilin noyabrından etibarən Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. Bundan başqa, tərəflər elektrik şəbəkələrinin gələcək qarşılıqlı əlaqələndirilməsi imkanlarını da müzakirə ediblər. Bu faktlar göstərir ki, sülh prosesi tədricən real iqtisadi əməkdaşlıq elementləri ilə tamamlanır.
Bununla belə, TRIPP-in reallaşmasını yalnız iqtisadi və texniki məsələ kimi qiymətləndirmək olmaz. Layihə ABŞ-ın Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsi, Avropa ilə Mərkəzi Asiya arasında alternativ bağlantıların genişlənməsi və regionda ənənəvi geosiyasi təsir mexanizmlərinin dəyişməsi baxımından da əhəmiyyətlidir.
Əsas çətinlik isə əldə edilmiş siyasi razılaşmaların konkret icra mexanizmlərinə çevrilməsidir. Sərhəd və gömrük prosedurları, təhlükəsizlik təminatları, infrastrukturun idarə olunması və qarşılıqlı etimad məsələləri hələ də xüsusi diqqət tələb edir.
Ümumilikdə isə Prezident İlham Əliyev və Nikol Paşinyanın Dublindəki görüşü Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesinin çoxşaxəli xarakter aldığını nümayiş etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB