“YAP-ın 34 illik tarixi Azərbaycanın siyasi inkişafı və dövlətçilik yolunun salnaməsidir” -MİLLƏT VƏKİLİ

“YAP-ın 34 illik tarixi Azərbaycanın siyasi inkişafı və dövlətçilik yolunun salnaməsidir” -MİLLƏT VƏKİLİ

“21 noyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümü tamam olur. Müasir Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan bu siyasi təşkilatın yaranması ölkənin müstəqillik tarixinin ən mürəkkəb və taleyüklü mərhələsinə təsadüf edib”.

Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, YAP-ın təsis olunması yalnız yeni siyasi partiyanın formalaşması deyil, həm də müstəqil dövlətçiliyin qorunması, milli maraqların müdafiəsi və Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm tarixi hadisə idi:

” Bu mənada partiyanın 34 illik fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və ictimai inkişaf salnaməsinin ayrılmaz hissəsidir.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət sonra ciddi siyasi, iqtisadi və hərbi böhranla üzləşdi. Müstəqilliyin ilk illərində hakimiyyət böhranı, siyasi qarşıdurmalar, idarəetmədə qeyri-sabitlik və Ermənistanın hərbi təcavüzü ölkənin gələcəyini təhlükə altına almışdı. 1992-ci ilin mayında Şuşa və Laçının işğalı, cəbhədə ağır vəziyyətin yaranması, dövlət institutlarının zəifliyi cəmiyyətdə güclü siyasi liderliyə və milli maraqları vahid platformada birləşdirə biləcək siyasi qüvvəyə ehtiyacı artırırdı. Məhz belə bir tarixi şəraitdə 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalı “Səs” qəzeti vasitəsilə Naxçıvanda yaşayan Ulu Öndər Heydər Əliyevə müraciət edərək onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdi. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev oktyabrın 24-də müraciətə müsbət cavab verdi. Sonradan tarixə “91-lər” adı ilə düşən ziyalıların bu təşəbbüsü xalqın siyasi iradəsinin və ölkənin gələcəyinə olan məsuliyyət hissinin ifadəsi idi.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransında 550-dən çox nümayəndə iştirak etdi. Konfransda partiyanın Proqramı və Nizamnaməsi qəbul olundu, Heydər Əliyev yekdilliklə sədr seçildi. Həmin il dekabrın 18-də partiya dövlət qeydiyyatına alındı. “Yeni Azərbaycan” adı isə özündə müstəqil dövlətçilik, milli birlik, güclü idarəçilik və müasir inkişaf ideyalarını birləşdirirdi. Ulu Öndər Heydər Əliyevin siyasi fəlsəfəsində yeni Azərbaycan müstəqilliyini qoruyan, milli maraqlarını müdafiə edən, demokratik və hüquqi dövlət quruculuğunu əsas götürən ölkə modeli idi. Prezident İlham Əliyev 2013-cü ildə partiyanın qurultayında YAP-ın yaranmasının xalqda böyük ümidlər doğurduğunu və ölkədə siyasi sistemin formalaşması baxımından mühüm hadisə olduğunu vurğulamışdı.

1993-cü ilin yayında ölkədə siyasi böhranın dərinləşməsi və vətəndaş qarşıdurması təhlükəsinin yaranması dövlət müstəqilliyinin gələcəyini ciddi sual altına qoymuşdu. Xalqın tələbi ilə iyunun 9-da Bakıya qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü. Həmin il oktyabrın 3-də keçirilən ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Prezident seçildi. Beləliklə, ölkədə siyasi sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi və müstəqilliyin qorunması istiqamətində yeni mərhələ başlandı. Partiyanın proqramında müəyyənləşdirilən dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi və dünyəvi cəmiyyət quruculuğu kimi hədəflər dövlət siyasətinin əsas istiqamətləri ilə uzlaşırdı.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının əsasını güclü dövlət, milli birlik, siyasi sabitlik və iqtisadi müstəqillik prinsipləri təşkil edirdi. 1994-cü il mayın 12-də atəşkəs rejiminin əldə olunması ölkənin inkişaf prioritetlərinə diqqətin artırılması üçün imkan yaratdı. Həmin il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi tarixində yeni səhifə açdı, xarici investisiyaların cəlb edilməsinə və ölkənin beynəlxalq enerji bazarına inteqrasiyasına təkan verdi. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi isə hüquqi dövlət quruculuğunun əsaslarını müəyyənləşdirdi. Bu addımlar müstəqilliyin yalnız siyasi bəyanat deyil, möhkəm iqtisadi və hüquqi dayaqlar üzərində qurulan dövlətçilik modeli olduğunu nümayiş etdirirdi.

2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni mərhələ başlandı. O, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun davam etdirilməsini dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirdi. 2005-ci il martın 26-da YAP-ın III Qurultayında İlham Əliyev partiyanın sədri seçildi. Onun rəhbərliyi ilə əvvəlki dövrdə yaradılmış iqtisadi və siyasi potensialın daha da gücləndirilməsi, Azərbaycanın regional və beynəlxalq mövqelərinin genişləndirilməsi istiqamətində addımlar atıldı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin 2006-cı ildə istifadəyə verilməsi, sonrakı illərdə Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizinin reallaşdırılması Azərbaycanın enerji strategiyasının yeni mərhələsini formalaşdırdı. Regionların sosial-iqtisadi inkişafı proqramları, infrastruktur layihələri, yeni yolların, məktəblərin və səhiyyə müəssisələrinin tikintisi ölkənin iqtisadi və sosial mənzərəsini dəyişdirdi.

Azərbaycanın müstəqillik tarixində ən mühüm hadisələrdən biri ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası oldu. Ulu Öndər Heydər Əliyevin siyasi irsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması fundamental milli məqsədlərdən biri kimi müəyyənləşdirilmişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad olunması hərbi-strateji baxımdan müharibənin taleyini müəyyənləşdirən hadisəyə çevrildi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazilərində dövlət suverenliyi bərpa edildi. 2024-cü il sentyabrın 20-də Dövlət Suverenliyi Gününün təsis edilməsi bu tarixi nailiyyətin dövlətçilik yaddaşında xüsusi yerini təsdiqlədi. Bir vaxtlar işğal xəbərləri ilə sarsılan ölkə bu gün azad edilmiş torpaqlarda quruculuq və qayıdış prosesini həyata keçirir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir, yeni yaşayış məntəqələri salınır və infrastruktur layihələri həyata keçirilir. Bu proses hərbi Qələbənin siyasi, iqtisadi və sosial nəticələrlə möhkəmləndirilməsinin mühüm göstəricisidir. Beləliklə, Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni geosiyasi reallıqlar şəraitində davam etdirilir. Siyasi varislik burada yalnız əvvəlki kursun davamı deyil, həm də dəyişən beynəlxalq münasibətlər sistemində milli maraqların qorunması və yeni hədəflərin müəyyənləşdirilməsi kimi çıxış edir.

2026-cı il oktyabrın 2-də Bakıda keçirilən YAP-ın VIII Qurultayı partiyanın siyasi fəaliyyətində yeni mərhələnin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hadisə oldu. Prezident, YAP Sədri İlham Əliyev çıxışında partiyanın mövqeyini belə qiymətləndirdi: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”. Dövlət başçısı partiyanın otuz ildən artıqdır iqtidarda olduğunu, ölkənin son illərdə əldə etdiyi nailiyyətlərdə partiya fəallarının mühüm payının olduğunu vurğuladı. Çıxışda Azərbaycanın hərbi-siyasi qələbələri, milli maraqların qorunması, ideoloji təhlükəsizlik və dəyişən geosiyasi reallıqlar şəraitində qarşıda duran vəzifələr də diqqət mərkəzində oldu. Qurultayda səsləndirilən fikirlər partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıdı.

1992-ci ildə 91 ziyalının “Səs” qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciətlə başlanan yol bu gün də davam edir. Yeni Azərbaycan Partiyasının 34 illik tarixi, əslində, müstəqil Azərbaycanın siyasi inkişafının, dövlətçilik ənənələrinin möhkəmlənməsinin və milli hədəflərə doğru irəliləyişinin tarixidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitdə davam etdirilir. Yubiley yalnız keçilmiş yolun xatırlanması deyil, həm də əldə olunmuş nailiyyətlərin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli fürsətdir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə