“Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir” - Ceyhun Bayramov

“Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir” - Ceyhun Bayramov

Azərbaycan və Türkiyə arasında münasibətlər dost və qardaş xalqların əlaqələri səviyyəsində inkişaf edir. İki ölkə arasındakı dövlətlərarası münasibətlər Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

SİA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Almaniyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri bundan sonra da möhkəmlənəcək. O, Prezident İlham Əliyevin Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Zəfər yolu ilə bağlı səsləndirdiyi fikirləri bu münasibətlərin bariz nümunəsi kimi qiymətləndirib.

Ceyhun Bayramov qeyd edib ki, dünyada baş verən müharibələr və geosiyasi gərginliklər fonunda Azərbaycan və Türkiyə arasında görüşlərin keçirilməsi, mövcud məsələlərin həlli istiqamətində addımların atılması xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, iki ölkə arasında mövcud olan sıx və səmimi münasibətlər bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə